Parlamentin buraxılacağı ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur – Müşfiq Məmmədli

847

Xaçmaz bölgəmizi təmsil edən deputatla bağlı yaranan məlum insident təbii ki, xoş və arzuolunan deyil. Fəaliyyətimizdə atdığımız hər addıma diqqətlə yanaşmalıyıq. Məsələ hüquq çərçivəsində həllini tapacaq. Artıq parlamentin müvafiq  komissiyası müzakirə apararaq rəyini verib. Plenar iclasda da bu məsələ müzakirə olunacaq.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli söyləyib.

Deputat deyib ki, bu insidenti ümumiləşdirmək düzgün deyil və bu, heç bir halda parlamentin fəaliyyətinə kölgə sala bilməz.

Müşfiq Məmmədli Azərbaycanda referendumun keçiriləcəyi və parlamentin buraxılacağı ilə bağlı əsassız iddialara da münasibət bildirdi.  Deputat qeyd edib ki, bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ötən dövrə nəzər salanda aydın görünür ki, altıncı çağırış Azərbaycan Milli Məclisi parlamentarizmin inkişafında müsbət yeniliklər yaradır. Milli Məclisin mövcud say tərkibi və sturkturu səmərəli idarəetmə üçün məqbuldur. Son çağırışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. “Parlamentin deputatı olaraq hər zaman seçicilərimizin fikirlərini, düşüncələrini və onların problemlərini işıqlandırmağa, müvafiq dövlət  orqanlarının  nəzərinə çatdırmağa, həmçinin  ölkəmizin  siyasi həyatında fəal iştirak etməyə çalışırıq.  Son çağırış Milli Məclisin fəaliyyəti dövründə  çox taleyüklü qanunlar qəbul olunub. Parlamentin idarə olunması, texniki imkanların genişləndirilməsi istiqamətində parlamentin sədri tərəfindən islahatlar həyata keçirilib”- deyən Müşfiq Məmmədli bildirib.

Deputat qeyd edib ki, VI çağırış Milli Məclis öz fəaliyyətinin dövlət başçısının tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atıb. Ona görə də parlamentin buraxılacağı ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər