Paşinyan Brüssel görüşündən danışdı: “Sülhə hazırıq”

459

“Brüsseldə keçirilən danışıqlarda tərəflər iki cəbhədə irəliləmək barədə razılığa gəliblər”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışarkən deyib.

“Söhbət sərhədin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, eləcə də İrəvanla Bakı arasında sülh danışıqları üçün ilkin şərtlərin formalaşdırılması haqqında razılaşmadan gedir”.

Paşinyan qeyd edib ki, prosesin sonrakı qiymətləndirilməsi razılaşmaların praktiki icrası mərhələsində qeydə alınan nəticələrdən asılıdır.

Hökumət başçısı, həmçinin əlavə edib ki, Ermənistan regionda uzunmüddətli sülh erasının açılmasına sadiqdir, lakin başa düşmək lazımdır ki, hər şey ondan asılı deyil: “Ermənistan sülhə hazırdı, biz regionda dinc inkişaf dövrünün açılması üçün gündəliyimizi ardıcıl olaraq irəli sürəcəyik. Təəssüf ki, bu, təkcə bizdən asılı deyil, biz ardıcıl olaraq özümüzə düşən işi görəcəyik”.

Baş nazir xatırladıb ki, sərhədin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın ikili mandatı olacaq: delimitasiya işləri aparmaq, sərhəddə təhlükəsizliyi və sabitliyi təmin etmək.

“Bu mövzuda müzakirələr, o cümlədən Rusiyanın vasitəçiliyi ilə bir ilə yaxındır ki, davam edir və nəticədə biz belə bir kompromis həllə gəldik. Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sovet dövründə mövcud olan de-yure sərhəd var. Bunun əsasında delimitasiya işlərinə başlanılmalı və paralel olaraq təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün tədbirlər görülməklə həll yolları tapılmalıdır”.

Paşinyan həmçinin bildirib ki, Brüsseldə keçirilən görüşdə regional kommunikasiyaların açılması məsələləri də müzakirə olunub.

“Bu məsələ ilə bağlı müəyyən uyğunsuzluqlar qeydə alınıb. Biz həll yollarının tapılması istiqamətində işi davam etdirmək barədə razılığa gəldik”, – Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, digər mühüm müzakirə istiqamətləri humanitar məsələlər, xüsusən də bütün hərbi əsirlərin azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması olub.
Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.
Görüşdən sonra Paşinyan və Əliyev ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər