Prezident İlham ƏliyevLənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı yolun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,2 milyon manat ayırıb.
Qeyd edək ki, son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş verib, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranıb.
Prezident Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən yolun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayırıb.
İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən Lənkəran rayonunda 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,66 milyon manat ayrılıb.
Dövlət başçısı başqa bir sərəncamla Lənkəran rayonunun Şıxakəran kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayırıb.
Prezident Astara şəhərində də istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, 48 mənzilli yaşayış binasının tikintisi üçün Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılıb.
İlham Əliyev Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 2, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500 min manat ayırıb.
Prezident başqa bir sərəncamla Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb.
Dövlət başçısı Lerik rayonunun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün isə Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayırıb.