Prezident İlham Əliyev dünyaya növbəti mesajı və diplomatiya dərsi

594

18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirildi. Tarixdə ilk dəfə idi ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürdülər.

Prezident İlham Əliyevin plenar iclasda ona ünvanlanan suallara təmkinlə, diplomatik məharətlə verdiyi cavablar, 30 illik işğal, eləcə də münaqişədən sonrakı dövrün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq hüquqa əsaslanan mövqe

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 30 illik işğal və münaqişədən sonrakı dövrdə ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə tədbir iştirakçılarına bir daha ətraflı məlumat verdi. 30 il ərzində torpaqlarımızın Ermənistanın işğalı altında olduğunu qeyd edən Prezident  İlham Əliyev bildirdi ki, bu illər ərzində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı: “Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur”

Prezident bəyan etdi ki, ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq: “Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar qonşularımız tərəfindən edilib”.

Prezident İlham Əliyev bir daha bildirdi ki, apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. 44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı. Bu ona görə baş verdi ki, onların apardığı müharibə işğalçı müharibə idi. Ermənistanda doğulmuş insanlar üçün Azərbaycana gedib onlara aid olmayan torpaqdan ötrü müharibə etmək həvəsi yox idi.

Azərbaycan regionda sülhün və əməkdaşlığın təminatçısıdır

Plenar iclasda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparıldığı, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalı olduğu dövlət başçımız tərəfindən vurğulandı: “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə , Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil”.

Plenar iclasda Prezident İlham Əliyev digər mühüm məqamlara da toxundu:

  • Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib;
  • Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq.
  • Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi;
  • Rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır.
  • Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar;

Beləliklə, Prezident İlham Əliyev bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanda erməni əhalisi olan Qarabağ bölgəsi var və orada məskunlaşan ermənilər ölkəmizdə yaşayan digər milli azlıqlarla bərabər hüquq və imtiyazlara malik olacaq, onların təhlükəsizliyi tam təmin ediləcək.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasda Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər fonunda dünya birliyi bir daha şahid oldu ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın təminatçısıdır. Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Qalib ölkə rəhbərinin bu mötəbər beynəlxalq platformada ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq miqyasda nüfuzunun, üstünlüklərinin göstəricisi idi.

Saleh Şükürlü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər