Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfəri nə ilə yadda qaldı?

839

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ölkə başçısı səfər zamanı həyata keçirilən quruculuq bərpa işləri ilə tanış oldu, bölgənin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev enerji, yol infrastrukturu sahəsində görülmüş işlərlə tanış oldu, Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu, Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdı.

Bu səfər erməni faşizminin və havadarlarının ifşası, sərhəddəki vəziyyətlə bağlı Azərbaycanın mövqeyinin ifadə olunması, həmçinin Zəngəzur dəhlizi, quruculuq işləri ilə bağlı aydın mesajlarla da yadda qaldı.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı tarixə nəzər saldı, Kəlbəcərin azad edilməsini tarixi hadisə adlandırdı. Ölkə başçısı bildirdi ki, Kəlbəcərin işğal altına düşməsi xalqımızın böyük faciəsi idi. AXC-Müsavat cütlüyünün həmin dövrdə oynadığı mənfi rola diqqət çəkən ölkə başçısı bildirdi ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş verib. AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. Prezident İlham Əliyev bildirdi ki, Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi.

Tarixi qələbəmiz erməni mifologiyasını tamamilə məhv etdi

44 günlük Vətən Müharibəsi erməni mifologiyasını tamamilə məhv etdi. Prezident İlham Əliyev səfər çərçivəsində məhv edilmiş erməni mifləri haqqında danışdı.

Birinci mif: Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq. Otuz il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

İkinci mif: erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir.

Üçüncü mif: azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar. Onlar düşünürdülər ki, otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Mən bunu dəfələrlə deyirdim. Bütün çıxışlarımda deyirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu mifologiya da darmadağın edildi.

Dördüncü mif: Növbəti mif dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Köçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Ölkə başçısı bildirdi ki, biz onları məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar.

Prezident Ermənistana və onun tərəfdarlarına açıq mesaj verdi

Azərbaycan dövlət sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu gün də bu istiqamətdə işlər davam edir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır, yeni sərhədlər də oradan keçəcək. Bakı öz mövqeyini İrəvana və qeyri -adekvat fikirlər söyləyən tərəfdarlarına nümayiş etdirdi: geri çəkilmə olmayacaq, reallıq qəbul edilməlidir və lazım olarsa Azərbaycan sərhədçilərihazırkı mövqelərdən də irəli gedə bilərlər. Prezident İlham Əliyev bəyan etdi ki, biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq.

Səfər zamanı ölkə başçısını məlumat verildi ki, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır. Eyni zamanda daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Bu infrastruktur hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyə imkan yaradır. Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq.

Prezident elm adamları, media və təhsil işçilərinə də səsləndi.

Səfər zamanı Prezident İlham Əliyev tarixi torpaqlarımızdakı toponimlərin də erməni, rus, gürcü və farslar tərəfindən dəyişdirilərək özününküləşdirmək cəhdlərindən söz açdı. Ölkə başçısı bildirdi ki, dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, gələcək nəsillər bunu bilsinlər, o cümlədən erməni vəhşiliyini unutmasınlar.

Türkiyədə indiyədək vaxtilə Osmanlı dövlətinin tərkibində olmuş ərazilərin yalnız türkcə toponimlərindən istifadə edilir. Amma nədənsə bizdə xüsusi hallar istisna edilməklə KİV-lər bu məsələdə həssaslıq göstərmir, tarixi torpaqlarımızın adlarını erməni, rus, gürcü və ya fars toponimləri ilə verirlər. Bu etinasızlığa Prezidentİlham Əliyev etiraz edərək bildirdi: “İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfəri bir daha göstərdi ki, Azərbaycan qısa müddət ərzində işğaldan azad olunmuş əraziləri bərpa etmək, məskunlaşmanı qısa müddətdə reallaşdırmaq niyyətindədir. Azərbaycan ordusu azad edilmiş torpaqlarda möhkəmlənir, bundan sonra da mövqelərimizin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq. Bu torpaqların əsl sahibləri artıq qayıdıb və bundan sonar əbədi olaraq burada yaşayacaqlar!

Elvin Səfərli
“Yenisumqayit.az” saytının baş redaktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər