Prezident İlham Əliyevin Litvaya səfəri iki ölkə arasındakı əlaqələri  daha da gücləndirəcək

317

Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan beynəlxalq səviyyədə əlaqələrini gücləndirməkdə davam edir. Ölkəmiz bu istiqamətdə uğurlu xarici siyasət həyata keçirir. Ötən müddət ərzində dünyanın bir çox ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Azərbaycan-Litva əlaqələrinin inkişafı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Son bir ildə Azərbaycan və Litva prezidentləri 3 dəfə görüşüblər. Dövlət başçıları 2022-ci ilin mayında Bakıda, 2023-cü ilin yanvarında isə Davosda görüşüblər. Bu görüşlər hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Prezident İlham Əliyevin mayın 22-də Litvaya rəsmi səfəri də ikitərəfli münasibətlərin dinamik inkişafının təzahürüdür.

Litva hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun suverenliyinə hörmətlə yanaşıb ki, bu da ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb. Azərbaycan ilə Litva arasında bir çox sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, turizm, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq əlaqələri dinamik şəkildə inkişaf edir. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşdırılıb, bir sıra mühüm sənədlər imzalanıb.

Qarşılıqlı maraqlara əsaslanan ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq qaydası sahələrində Azərbaycan-Litva sənədləri imzalanıb. Baş tutan biznes forumdakı çıxışlar ölkəmizin yüksək iqtisadi potensialını, xarici investorlar üçün əlverişli mühitin olduğunu bir daha təsdiqlədi.

Prezidentlərin görüşündə müzakirə olunan məsələlərə diqqət yetirsək, görərik ki, yaxın gələcəkdə Azərbaycan və Litva arasında böyük iqtisadi layihələr həyata keçiriləcək və bu layihələr hər iki ölkənin iqtisadi inkişafı üçün böyük zəmin yaradacaq. Litva Avropa İttifaqının strukturlarında təmsil olunan mühüm ölkədir və bu ölkə ilə əməkdaşlıq əlaqələri Azərbaycanın Avropaya inteqrasiyası üçün çox vacibdir.

Azərbaycan Prezidentinin diplomatik addımları ölkəmizin həm Qərbdə, həm də Şərqdə nüfuzunu artırır, ona daha geniş siyasi dəstək verir.

Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan, ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir.

Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəlikdəki müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur.

Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi Avropa İttifaqının qarşısında duran ən mühüm məsələlərdən biridir. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Litva prezidentlərinin görüşü zamanı bərpa olunan enerji mənbələrinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Müəyyən edilmişdir ki, ölkələrimiz bu istiqamətdə demək olar ki, paralel olaraq irəliləyir. Həm Litva, həm də Azərbaycan bu sahəyə böyük diqqət yetirir və yaxın gələcəkdə bu sahədə dinamik ikitərəfli əməkdaşlıq mümkündür.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin genişlənməsinin və ölkəmizə marağın daha bir bariz nümunəsidir. Bu səfər hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Litvaya səfəri, keçirilən görüşlər və aparılan müzakirələr inkişaf edən Azərbaycan-Litva münasibətlərini daha da dərinləşdirəcək.

Sevinc Qasımova,

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər