Prezident İlham Əliyevin müsahibəsi və səsləndirilən mühüm mesajlar

818

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı bir çox mühüm məqamlara toxundu, önəmli açıqlamalar verib. Ölkə başçısı müsahibəsində “dəmir yumruq” əməliyyatının detallarından danışıb, həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

 “Müharibə dövründə kimin kim olduğunu hamı gördü”.

Prezident İlham Əliyev istər müharibə zamanı, istərsə də Qələbədən sonrakı bütün müsahibələrində ermənilərin vəhşiliklərinə, barbarlıqlarına, torpaqlarımızda işğal zamanı törətdikləri vandalizm hərəkətlərinə toxunub, mənfur düşməni ifşa edib. “Nasionalnaya oborona” jurnalına müsahibəsində də ölkə başçısı bir daha onların mahiyyətini ortalığa qoydu.

SİTAT: “Gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur”.

Ölkə başçısı ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dilə gətirərək bildirib ki, təkcə Tərtər şəhərinə 16 mindən çox mərmi atılıb: “Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı.”

Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək!

Sözsüz ki, ermənilər nəinki Vətən Müharibəsi zamanı dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərə, eyni zamanda 30 il ərzində həyata keçirdikləri cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcəklər. Prezident İlham Əliyev hər zaman bəyan edib ki, ermənilər törədikləri hərəkətlərə görə cavab verəlidir.  Ölkə başçısı müsahibəsində bu məsələyə də toxunaraq bildirdi ki, işğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir: “ Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə – bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə aparırıq. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, biz təbii ki, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik”.

“Biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik”

Prezident İlham Əliyev bildirib ki, bu gün ölkəmizin qarşısında duran əsas hədəflərdən biri keçmiş qaçqınları və köçkünlərin ezliklə öz yurdlarına qaytarmaqdır və bunun üçün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Ölkə başçısı müsahibəsində vurğulayıb ki, çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar.

“Yaxşı olar ki, bizi qəzəbləndirməsinlər”

Ölkə başçısı bir daha bəyan etdi ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur : “Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar”

Azərbaycanın dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırdır olduğu vurğulan Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi üzərində iş başlanmalıdır. Azərbaycan bu prosesə hazırdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur.

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu nəşrinə müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətlərin inkişafına da toxunub. Ölkə başçısı bildirib ki, son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir.

Prezident İlham Əliyevin hərbi səhədə olduğu kimi informasiya savaşında misilsiz xidmətləri oldu. Müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-lərə müsahibələr verən ölkə başçısı Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. Aparılmış uğurlu informasiya siyasətinin nəticəsində ölkəmizə olan beynəlxalq təzyiqlərin qarşısı alındı, cəbhədə əldə olunan uğurlar siyasi cəhətdən daha da möhkəmləndirildi. Prezident İlham Əliyevin son müsahibəsi bir daha göstərdi ki, bu gün də bu siyasət davam edir. Ölkə başçısı bu gün də Azərbaycanın həqiqətlərini, hədəflərini bütün dünyaya bəyan edir.

Ucal Qasımov, “Məslək” qəzetinin redaktoru 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər