Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı

754

Azərbaycanın xarici siyasət kursu qonşularla, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmaq və münasibətləri qarşılıqlı faydalılıq prinsipi əsasında daha da möhkəmlətmək kimi fundamental prinsiplərə əsaslanır.

Azərbaycanın digər ölkələr kimi Mərkəzi Asiya ölkələri ilə də əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində xüsusi yer tutan Azərbaycan-Tacikistan əməkdaşlığı dövlətimizin başçısı İlham Əliyevin səfəri fonunda geniş müzakirə olunur. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edib. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə kömək etməkdir.

Dövlət başçılarının mətbuata bəyanatlarında Azərbaycan-Tacikistan münasibətlərinin dünəninə, bu gününə diqqət yetirilərək gələcək inkişaf üçün geniş imkanların mövcud olduğu xüsusi qeyd edildi.

Dövlət başçılarının mətbuata verdiyi bəyanatlarda Azərbaycan-Tacikistan münasibətlərinin keçmişi və bu gününə diqqət yetirilərək gələcək inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatla çıxış edərək qeyd edib ki, Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir: “Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir”.

Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayaraq bildirib ki, bu gün iki ölkə arasında əlaqələrin uğurlu inkişafı 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Dövlətimizin başçısı o zaman həm Tacikistanın, həm də Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, hər iki ölkədə ictimai-siyasi sabitliyin pozulduğunu diqqətə çatdırıb. Bu gün həm Tacikistanın, həm də Azərbaycanın iki sabit dövlət olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”.

Emoməli Rəhmon Prezident İlham Əliyevin Tacikistana səfərini ölkələrimiz arasında əlaqələrin, xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamı olduğunu vurğuladı. Tacikistan Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin qurulmasında dahi mütəfəkkir Nizami Gəncəvinin rolunu da xüsusi vurğuladı.

Beləliklə, Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Səfər zamanı imzalanan digər sənədlər və səsləndirilən bəyanatlar göstərdi ki, iki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlər daha da yüksələn xətt üzrə inkişaf edəcək.

Mətanət Pirquliyeva, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər