Prezident İlham Əliyevin xalqa müraciəti inamımızı daha da möhkəmlənirdi

749

Bu günlər Azərbaycan xalqının həm sevinən, həm kədərlənən, qarışıq hislər yaşadığı bir gündür. İşğal altında olan torpaqlarımızın azad olunmasına görə sevinirik, ürəyimizi qürur hissi ilə dolur, eyni zamanda şəhidlərimizə görə kədərlənirik, kövrəlirik.

27 Sentyabr Azərbaycanda ədalətin bərpası günü – Vətən Müharibəsinin başlamasının birinci ildönümüdür. 30 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirdik. Nəhayət, ötən ilin payızında, məhz 27 sentyabr tarixində qisas günü yetişdi. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu əks-hücum planını həyata keçirməyə başladı.

Cəsur Azərbaycan ordusunun əsgər və zabitləri təcavüzkar, işğalçı Ermənistan ordusunun 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yarıb keçdi. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

27 sentyabr Anım Günü ölkəmizin hər yerində qeyd olundu, şəhidlərimizin əziz xatirəsi anıldı. Xüsusilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti bizim qəlbimizi sevinc və qürur hissi ilə doldurdu. Hər birimizi duyğulandırdı. Prezident İlham Əliyevin müraciəti bir daha bizim bir çox nigarançılığımıza son qoydu.

Ölkə başçısı qeyd etdi ki, bu gün artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı.

Ölkə başçısı tərəfindən səsləndirilən bu fikirlər bizdə qürurverici hislər oyatdı, gələcəyə ümidimizi daha da artırdı, bizi daha da ruhlandırdı. Bu fikirləri eşidərkən bir daha qürurverici duyğular yaşadıq.

Ali Baş Komandan bir daha müraciətində bildirdi ki, şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.

Cənab Prezidentin çıxışı bizdə bir daha əminlik yaratdı ki, yaxın gələcəkdə işğaldan azad olunmuş rayonlarımızın işıqlı günləri, səadət dolu günləri başlayacaq. Bütün dünyanın gözü məhz bu bölgələrdə olacaq.

Azərbaycan ordusu “Ohanyan səddi”ni yardığı kimi, Ali Baş Komandan İlham Əliyev də 44 günlük Vətən Müharibəsində, eləcə də ondan sonrakı müddətdə informasiya cəbhəsini yardı. Azərbaycan həqiqətlərini dünyaya yaydı.

Ölkə başçısının bu dəfəki çıxışı ilə biz bir daha özümüzə olan inamı hiss elədik. Biz nəyin bahasına olursa olsun Qarabağı dirçəldəcəyik. Vətən Müharibəsində Azərbaycanın qələbəsini təmin edən Azərbaycan gəncliyi bölgələrimizin bərpasında da əlindən gələni edəcək, bu işlərdə də fəal olacaq.

Prezident İlham Əliyevin müraciəti bizim inamımızı yenidən möhkəmlənirdi. Biz inanırıq ki, bir daha Qarabağın ağır günləri olmayacaq. Hamımız cənab Prezidentə bu inamlı sözlərə, möhtəşəm duruşa görə və bizim qəlbimizdə yenidən qələbə duyğularını yaşadığına görə minnətdarlığımızı bildiririk. Biz Azərbaycan xalqı olaraq Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik və hər zaman onun əmrinə müntəzirik.

Eşq olsun Azərbaycan xalqına, Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!

Əşrəf Veysəlli — şair, əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər