Prezidentin səfəri göstərdi ki, Şərqi Zəngəzur qısa müddət ərzində inkişaf edəcək

847

Prezident İlham Əliyev Kəlbəcərin bərpası prosesinə start verdi, mühüm layihələrin təməlini qoydu

İşğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidənqurma işləri və bu ərazilərdə qısa müddət ərzində məskunlaşmanın təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir. Həyata keçirilmiş layihələrə nəzər saldıqda işlərin necə sürətlə həyata keçirdiyini görmüş oluruq. Bütün bu işlər bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. Ölkə başçısının qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər etməsi, yerində tapşırıq və tövsiyələrin verilməsi görülən işlərin daha sürətli həyata keçirilməsi ilə nəticələnir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı görülmüş işlərin miqyası ilə bir daha tanış olduq.

Prezident, Ali Baş Komandan İlham Əliyev hər bir səfərində yerlərdəki vəziyyətlə, aparılan yenidənqurma işləri ilə tanış olur, bölgənin gələcəyi ilə bağlı planların həyata keçirilməsinin real imkanlarını öyrənir və yeni tapşırıqlar verir.

Prezident İlham Əliyev azad edilmiş ərazilərin Azərbaycanın ümumi enerji sisteminə mümkün qədər tez qoşulması, sabit və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məsələsinə xüsusi diqqət yetirir. Nəticədə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda da bu istiqamətdə genişmiqyaslı işlər aparılıb. Hazırda Kəlbəcər rayonunda Lev çayında 4,4 MVt gücündə olan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması işləri aparılır. Bu, Kəlbəcər rayonunun enerji təchizatı üçün çox vacibdir və bu yarımstansiya cəmi altı ayda tikilib.

Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş Kəlbəcər-Laçın yolunun uzunluğu 72,8 kilometrdir. Yolda 3 tunel tikiləcək. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Səfər zamanı Prezident İlham Əliyev İstisu sanatoriyasının hazırkı vəziyyəti ilə də tanış oldu. Qarşıya qoyulmuş vəzifələrindən biri də İstisunu əvvəlki şöhrətinə qaytarmaqdır.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı bütün görülmüş işlərlə yerində tanış olaraq Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start verdi.

Ölkə başçısı bildirdi ki, azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı tədricən təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq. Cəmi 7-8 ayda bu qədər işin görülməsi bizim gücümüzü, əzmimizi, güclü siyasi iradəmizi göstərir.

Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı bəyan etdi ki, bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq.

Ölkə başçısı bildirdi ki, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək üçün yol çəkirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi və bu da hərbi cinayət sayılır. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə etmişdir.

Ölkə başçısı Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsinin qanunsuz olduğunu bildirdi. Azərbaycan buna zamanında etiraz etmişdir. Azərbaycan tərəfinin İndi həmin yoldan istifadə etdiyini qeyd edən ölkə başçısı bu yolu da hərbi qənimət adlandırdı.

Bütün Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir.

İlk növbədə, burada hava limanının inşasının bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəyi və turizm potensialının artacağı şübhə doğurmur. Laçın hava limanının tikintisi azad edilmiş tarixi torpaqlarımızın abadlaşdırılmasının miqyasını da göstərir. Böyük strateji əhəmiyyətə malik olan Laçın Hava Limanı logistika mərkəzlərinin yaradılmasını da asanlaşdıracaq. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən hava limanı olacaq. Hava limanında uçuş -enmə zolağının uzunluğu 3 kilometr olacaq 6 təyyarə dayanacağının inşası planlaşdırılır. Bu hava limanı həm də Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq. Hava limanından Laçına olan məsafə 30 kilometr, Kəlbəcərə qədər 60 kilometrdən bir qədər çoxdur, Şuşa şəhərinə isə təxminən 70 kilometr məsafədə yerləşir. Gələcəkdə Şuşaya uçuşlar üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Açılış zamanı məlum oldu ki, ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələr bu hava limanlarına enə biləcək. Beləliklə, azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qayıtması üçün yeni imkanlar açılacaq.

Zəngilan, Laçın və Füzuli hava limanlarının tikilib istifadəyə verilməsi bölgəni canlandıracaq. Hava limanları sərnişin, yük və hərbi məqsədlər üçün istifadə ediləcək.

Prezident İlham Əliyev səfəri çərçivəsində gələcək perespektivlərə də nəzər saldı, mühüm mesajlar verdi. Ölkə başçısı bildirdi ki, Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq.

Prezident İlham Əliyev qarşımızda duran hədəfləri açıqladı: İndiki mərhələdə əsas vəzifə müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.

Beləliklə, bölgənin inkişafı üçün nəzərdə tutulan bu cür layihələr bütövlükdə ölkəmizin ümumi inkişafına töhfə vermiş olacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra daha da inkişaf edəcək və dünyanın inkişaf etmiş dövlətləri arasında layiq olduğu yerini tutacaqdır.

Xudaverdi İsmayılov, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər