Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə prezidentliyə namizədlərdən birinin onun Siyəzən rayonu ərazisində 150 hektarlıq alma bağlarının olması barədə danışdıqlarına, habelə Çexiyada aşkarlanan mülkləri barədə xəbərlərə münasibət bidirib.
Yerli KİV-lərin məlumatlarına görə Allahşükür Paşazadə bu gün Bakıda 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə çıxış edərkən bu barədə danışıb. Onun sözlərinə görə, son zamanlar ölkə içərisindən, habelə xaricdən də ona qarşı kampaniya aparılır.
“Birincisi, mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır. Mənim ölkə başçısı ilə də söhbətlərim olub. Bunu gizlətmirəm. Heyrətimi də gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz?” – Allahşükür Paşazadə deyib.
Paşazadə deyib ki, bu kampaniya həm də ölkə rəhbərinə qarşı aparılır: “Xaricdən həm prezidentimizə, həm də mənə – şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür”, – deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var? Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Söhbət tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkələməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır. Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq”, – A.Paşazadə əlavə edib.