Qazaxıstan oyunları: Kim nə qazandı, kim nə itirdi?

219
“Rusiya xalqların bir araya gətirilməsini Avrasiya İttifaqı çərçivəsində qəbul edir, biz isə bunu Türk Dövlətləri Təşkilatı daxilində Rusiya ilə əməkdaşlıqda görürük. İndi sual olunur ki, Rusiyanın bu maraqları istiqamətində atdığı addımlar birbaşa Türk Dövlətləri Təşkilatı əleyhinə yönəlib, ya yönəlməyib? İndi nəzəri baxımdan, perspektivdə ortada ideyalar – Türk Birliyi ideyası, Türk Dövlətləri Təşkilatı və mexanizmi, paralel olaraq, avrasiyaçılıq nəzəriyyəsi var. Bu ideyalar arasında məxməri formada mübarizə gedir. Təbii ki, proseslərin hansı istiqamətdə gedəcəyi atılacaq addımlardan asılıdır”.

Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir gün sonra KTMT sülhməramlı qüvvələrinin ölkədən çıxarılmağa başlanacağını açıqlayıb. Maraqlıdır, “KTMT-nin sülhməramlı missiyası” adı altında Qazaxıstana müdaxilə edən rus ordusu Tokayevin dediyi vaxtda çıxacaqmı?

– Bu məsələ ilə bağlı konkret fikir söyləmək çətindir. Çünki KTMT-yə müraciət Qazaxıstan dövlət televiziyasının efirində səsləndiriləndə artıq KTMT qüvvələri bu ölkədə əməliyyat həyata keçirirdilər. Yəni proses Qazaxıstan rəhbərliyinin elan etdiyi zaman kəsiyindən daha öncə başlamışdı. Doğrudur, bunun Qazaxıstan ordusunun desantları tərəfindən həyata keçirildiyi deyilirdi, amma həmin şəxslərin yalnız rus dilində danışdıqlarının qeyd olunması və davranışlarının ənənəvi olaraq qazax ordusunun hərbçilərinə uyğun olmaması, daha sərt hərəkət etmələri və dinc insanlara atəş açılması ilə bağlı yayılan məlumatlar baş verənlərə şübhəli yanaşmağa zəmin yaradır. Ola bilsin ki, KTMT qüvvələrinin hansısa hissəsi Qazaxıstandan çıxarılsın. Bir məqamı da bilmək lazımdır ki, KTMT baş katibi ilkin mərhələdə Qazaxıstana 2500 hərbçinin göndəriləcəyini açıqlamışdı. Amma bir gün ərzində həyata keçirilən əməliyyatlarda 2500-dən çox hərbçinin iştirak etməsi haqda məlumat yayılmışdı. Rusiya ərazisindən Qazaxıstana daşınan hərbçilərin sayının həddindən artıq çox olması nəzərə çarpırdı. Bu baxımdan, ola bilsin ki, KTMT-nin nizamnaməsinə uyğun olaraq, qarşılıqlı razılaşma əsasında hərbi kontingentin bir hissəsi Qazaxıstanda qalsın.

Qazaxıstana kənar ordu birləşmələrinin gətirilməsi ilk günlərdən şübhələr yaradırdı. Mahiyyət etibarilə, Qazaxıstan ordusu dünyanın ən güclülərindən biri sayılırdı. Qazaxıstan ordusu dünya reytinqində 60-63-cü yerlərdə qərarlaşıb. Təkcə ordu qüvvələrinin sayı 80 min nəfərdən çoxdur. Eyni zamanda, 140 minlik daxili qoşunları, 30 minlik milli qvardiya və xüsusi təyinatlı qüvvələri də bura daxildir. Qazaxıstan ordusunun digər qüvvələri də var. Ümumilikdə bu sayın təxminən 300 min civarında olduğu bildirilir. Belə olan təqdirdə, 2500-5000, lap 10 minlik qüvvəsinin Qazaxıstana daxil olmasına nə ehtiyac vardı? İndi bu suala cavab vermək daha məqsədəuyğundur.

Bir sözlə, etirazların yatırılması üçün Qazaxıstanın özünün yetəri qədər qüvvəsi var. Eyni zamanda, bəzi dağıdıcı qrupların fəaliyyətini istisna etsək, etirazlar o qədər də güclü deyildi. Bu etirazlar Qazaxıstanın öz gücü hesabına yatırıla bilərdi.

– Bəs KTMT-ni ora çağırmaqda məqsəd nə ola bilərdi?

– Zənnimcə, burada KTMT-nin mövcudluğunu hərbi-siyasi təşkilat kimi önə çəkmək istəyi vardı. Bütövlükdə isə mesaj xarakteri daşıyırdı. Təsadüfi deyil ki, Putin KTMT-nin iclasında “Biz öz evimizdə intizam yarada bilirik” mesajını səsləndirdi. Yəni bununla demək istəyirlər ki, bu coğrafiyada “rəngli inqilab” cəhdləri olarsa, KTMT-nin qüvvələrindən istifadə olunaraq, həmin ərazilərdə nizam-intizam bərpa ediləcək. Nümayiş etdirilən sərtliyin özü də mesaj xarakteri daşıyırdı.

Bütövlükdə mübahisəli məqamlar çoxdur. Etirazların başlanmasından KTMT-nin proseslərə müdaxiləsinə və Tokayevin çıxışından Lukaşenkonun KTMT-nin iclasında səsləndirdiyi fikirlərədək ziddiyyətli mənzərə göz qabağındadır. Qənaətimə görə, gedən proseslərdə etirazların arxa planda olduğunu, yaxud baş verənlərin qurama olduğunu deməyə əsaslar var.

Tokayevin çıxışına da diqqət etmək lazımdır. O, “terrorçular”ın meyitlərini ərazilər və morqlardan yığışdırdıqlarını iddia edir. Bu o qədər gülünc ifadədir ki, bunun bir peşəkar siyasətçi tərəfindən dilə gətirilməsi təəccüblü görünür. Qazaxıstana konsert verməyə gələn bir cazmenin “terrorçu” qismində saxlanılması kimi hallar da, baş verənlərlə bağlı ciddi suallar yaradır.

– Rusiyanın bu addımını türk dövlətləri birliyi ideyasına və ya Türk Dövlətləri Təşkilatına qarşı atılmış addım kimi qəbul edənlər də az deyil. Siz bu haqda nə düşünürsünüz?

– Düşünürəm ki, məsələni təkcə bununla əlaqələndirmək doğru olmazdı. Bilirsiniz ki, Türk Dövlətləri Rəşkilatı ideyası Nazarbayev tərəfindən irəli sürülüb. Nazarbayev də həm Qazaxıstanı, həm Rusiya siyasətini, həm də türk dünyasını yaxşı tanıyan bir insandır. Yəni Rusiyanın buna kəskin reaksiya verəcəyini bilsəydi, belə təşəbbüslə çıxış etməzdi. Təbii ki, türk dünyasının birliyi və inteqrasiyasından danışırıq, amma milli duyğularla yanaşı, geosiyasi aspektlər də nəzərə alınır. Uzun illər bir dövlətə rəhbərlik etmiş bir şəxs tərəfindən bu ideya gündəmə gətiriləndə bu amillər də nəzərə alınıb.

Uzun illərdir ki, Rusiyada avrasiyaçılıq nəzəriyyəsi irəli sürülür. Məlum olduğu kimi, bu nəzəriyyənin ən kəskin tərəfdarlarından biri də Aleksandr Duqindir. Hələ illər öncə onun iştirakı ilə Türkiyədə bir qrup “yeni avrasiyaçı” ilə müzakirələr aparılmışdı. Doğrudur, onların bir neçəsi həbs olundu, amma bir müddət sonra azad edildi. Bir sözlə, Rusiya uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir. Təbii ki, bizim təfəkkürümüzdə olan avrasiyaçılıq Rusiya və ya Duqinin nəzəriyyəsində yer alan amillərdən fərqlənir. Rusiya özünü Avrasiyanın hegemon gücü kimi qəbul edir və bütün münasibətlərdə dominant rolunu qabartmağa çalışır. Amma Rusiyanın türk toplumları və ya dövlətlərinin “ağa”sı kimi çıxış etmək hüququ yoxdur və bu mümkün də deyil. Bir sözlə, bu kimi nəzəriyyələrin təməlində Rusiyanın maraqlarına xidmət dayanır.

Rusiya xalqların bir araya gətirilməsini Avrasiya İttifaqı çərçivəsində qəbul edir, biz isə bunu Türk Dövlətləri Təşkilatı daxilində Rusiya ilə əməkdaşlıqda görürük. İndi sual olunur ki, Rusiyanın bu maraqları istiqamətində atdığı addımlar birbaşa Türk Dövlətləri Təşkilatı əleyhinə yönəlib, ya yönəlməyib? İndi nəzəri baxımdan, perspektivdə ideyalar – Türk Birliyi ideyası, Türk Dövlətləri Təşkilatı və mexanizmi, paralel olaraq, avrasiyaçılıq nəzəriyyəsi var. Bu ideyalar arasında məxməri formada mübarizə gedir. Təbii ki, proseslərin hansı istiqamətdə gedəcəyi atılacaq addımlardan asılıdır.

– Bəs Rusiyanın əks həmlələrinin bu ideyaları sıradan çıxarması mümkündürmü?

– Bu, gözlənilən deyil. Məsələn, Rusiya Qazaxıstana daxil olub, nə əldə etdi? Biz buna baxmalıyıq. Bəli, güc nümayişi, KTMT-nin hüquqi cəhətdən beynəlxalq arenaya çəkilməsi cəhdləri oldu və s. Amma bu da o qədər qeyri-peşəkar şəkildə edildi ki, bunun Rusiyaya müsbət imic qazandırdığını düşünmürəm.

Üstəgəl, Lukaşenkonun Özbəkistanla bağlı səsləndirdiyi fikirlər də, türk dünyasında mənfi qəbul olundu. Bununla əslində Türk Dövlətləri Təşkilatına yox, Rusiyanın avrasiyaçılıq ideyasına çox böyük zərbə dəydi. Qənaətimə görə, indiki şəraitdə türk xalqları təhtəlşüur olaraq, türk dünyasının birliyinin inkişafını daha çox qəbul edirlər. Mənə görə, Qazaxıstanda keçirilən bu uğursuz əməliyyatlar nəticə olaraq, avrasiyaçılıq ideyasına çox ciddi zərbə vurdu və əsas təhlükənin yenə də Rusiyadan gələ biləcəyi ehtimalını ortaya qoydu.

– Bəs keçmiş sovet coğrafiyasında Rusiyanın birbaşa rolu ilə vəziyyətin mürəkkəbləşdiyi vaxtda Azərbaycanı nə gözləyir?

– Rusiya və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yüksək səviyyədədir. Yəni biz bu məsələni kontekstdən çıxararaq dəyərləndirməliyik. Qazaxıstan və digər ölkələrdə gedən proseslərin Azərbaycan-Rusiya münasibətlərinə fundamental təsirləri yoxdur. Qənaətimə görə, Rusiya-Azərbaycan münasibətlərində müəyyən qədər formalaşmış qarşılıqlı etimad mühitində inkişaf edəcək. Hansısa ziddiyyətlərin olacağını indidən demək mümkün deyil.

Hesab edirəm ki, Rusiya yeni beynəlxalq sanksiyaların tətbiq ediləcəyi ehtimalının gündəmə gəldiyi bir vaxtda Azərbaycan və Türkiyə ilə münasibətlərin qorunub-saxlanılmasında maraqlı olmalıdır. Mahiyyət etibarilə, gələcək üçün planlaşdırılmış birgə layihələr Rusiyanın özünün də təcrid olunmasının qarşısının alınmasına xidmət edir. İqtidari amilləri nəzərə aldıqda, münasibətlərdə ziddiyyətlərin yaranmasına səbəb olacaq hadisələrin baş verəcəyini gözləmirəm

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər