Qışda Azərbaycanda necə istirahət etmək olar? - VARİANTLAR

1981

Bakının yerləşdiyi Abşeron yarımadasında qış mülayim keçir, havanın orta temperaturu müsbət 4-6 dərəcə olur. İlin bu vaxtı burada çoxsaylı qapalı komplekslərdəki əyləncələr populyardır. Lakin əgər qarlı qışın bütün gözəlliyini duymaq istəyirsinizsə, onda Qusar və Qəbələ regionlarında dünya standartlarına cavab verən dağ-xizək kurortlarına yollana bilərsiniz.

Amma əlbəttə ki, qışda ət və ədviyyatla zəngin milli yeməkləri də dadmaq olar. Bunlar ölkənin hər yerində hər bir restoranda satılır.

Xizəklə sürüşmək

Qusar rayonundakı dağ kurortu, “Şahdağ” turizm mərkəzi ən yaxşı epitetlərə layiqdir. Onun Qafqazda analoqu yoxdur. Burada qış idman növləri üzrə beynəlxalq tədbirlər keçirmək, habelə ilin istənilən vaxtında istirahət etmək olar. Təxminən 2058 hektarlıq ərazidə 5 otel, həm yeni başlayan, həm də peşəkarlar üçün 12 xizək trası, kanat yolları, süni qaryağdırma sistemi, buz meydançası, xizək ləvazimatını kirayə məntəqəsi, buz məktəbi, restoranlar, mağaza, tibb məntəqəsi fəaliyyət göstərir. Burada, həmçinin meyvə bağları və alabalığın (forel) olduğu kiçik çaylar var. Kompleksin enişlərindən birində isə 2351 metr yüksəklikdə “Mountain Top” unikal restoranın tikintisi tam sürətlə gedir. Bunu haqlı olaraq ölkəmizin ən yüksək dağ restoranı adlandırmaq olacaq.

Kompleks xizək sürmək istəyən ilk qonaqlarını artıq noyabrın əvvəlindən qəbul edir. Aydın qış günündə elə buradaca – Qusar rayonunun Laza kəndi ətrafında siz bir neçə buz şəlaləyə çox maraqlı ekskursiya edə bilərsiniz.

“Tufandağ” (www.tufandag.az) dağ-xizək, yay-qış istirahət kompleksi “Şahdağ”dan heç də geri qalmır. Kurort Bakıdan 218 kilometr və Qəbələ şəhərindən 4 kilometr məsafədə, istirahət üçün ən gözəl şəraitə malik mənzərəli dağlıq ərazidə yerləşir. Burada mürəkkəblik dərəcəsi fərqli olan bir neçə kanat yolu və xizək trası, kafe, restoran və otellər yerləşir. Ayrıca seksiyalarda xizəyin satışı və kirayəsi üzrə xidmətlər göstərilir, habelə xizək məktəbi və idman malları mağazası var.

Buradakı trasların özünəməxsusluğu meşə massivləri ilə əhatə olunmasındadır – sözlə təsviri mümkün olmayan gözəllik! Turistlər qış əyləncələri ilə Qəbələnin görməli yerlərinə ekskursiyanı və “Qəbələnd”ə – regionda ən böyük attraksionlar parkına getməyi asanlıqla uzlaşdıra bilərlər.

Konkidə sürüşmək

Buzda sürüşməyi bakılıların ənənəvi əyləncəsi adlandırmaq olmaz: yumşaq iqlimə malik paytaxtda qar çox az yağır. Lakin bu o demək deyil ki, buz üstündə konki sürmək istəyənlər üçün Bakıda məşğuliyyət tapılmayacaq.

Avropada ən böyük qapalı əyləncə mərkəzi olan “Megafun”da sahəsi 1000 kvadratmetrdən böyük olan “Moskva” sürüşmə meydançası ilboyu fəaliyyət göstərir. Burada nəinki konkidə şən vaxt keçirmək, həmçinin çoxsaylı kafelərdə təklif edilən təamlardan dadmaq və ya əyləncəli şopinqlə məşğul olmaq mümkündür.

Qışda isə Dənizkənarı Bulvarda açıq səma altında böyük süni buz meydançasında arzu edənlərin hamısına yer tapılır. Burada zəruri ləvazimatı kirayələmək və fiqurlu konki sürmək olar. Əgər bu Sizin debütünüzdürsə, onda təcrübəli təlimatçılar sizə buzda sürüşməyin əlifbasını öyrədəcəklər.

Attraksionlar parkında əylənmək

Küçədə soyuq olarkən insan daha çox vaxtını otaq şəraitində keçirmək istəyir. Lakin bu heç də dörd divar arasında qalıb sıxılmaq demək deyil. Bakıda yerləşən, Avropanın ən böyük qapalı ailəvi əyləncə mərkəzi “Megafun”da (www.megafun.az) buz meydançası ilə yanaşı, 30 min kvadratmetrdən çox sahədə ayrı-ayrı yaş kateqoriyalarından olanlar üçün 200-dən çox müxtəlif attraksion növü, oyun zalları, simulyator və digər əyləncə növləri var.

Mərkəzin nəhəng ərazisi müxtəlif oyunların “coğrafi” zonalarına bölünüb, onların hər birində müvafiq oyun zalları yerləşir. “Tokio” oyun zalında böyük miqdarda SEGA ultramüasir oyun aparatları təqdim edilir. On altı zolaqlı boulinqi olan “London” zonası və sürüşmək üçün meydanı olan “Moskva” zonası aktiv istirahəti sevənlərin xoşuna gələcək. Həmçinin “Ştutqart” avtodromunda gəzmək və ya “Venesiya”da orijinal qayıqda üzmək olar. Əsla qorxu bilməyən qonaqları “Qorxu tunelinə” səyahət gözləyir. Karusellər, müxtəlif oyunlar, “Paris” zonasının xüsusi otaqları, heyranedici “Cəngəllik” – təhlükəsiz rezin döşəmə örtüyü olan oyun kompleksi uşaqların ürəyincə olacaq. Bundan başqa, “Megafun”da hər biri səkkiz yerlik iki 4D kinoteatrı və 24 nəfər üçün nəzərdə tutulan 5D kinoteatrı var.

Son vaxtlar “Megafun” buraya gələnlərə xeyli sayda yeni əyləncələr, o cümlədən güzgülü labirint, uşaqları 7 nəhəng dinozavrla nağıllar aləminə aparan Dino park, eyni vaxtda 4 avtomobilin yarışa bildiyi kartinq, yüzlərlə attraksion və oyun aparatları təklif edir.

Qədim hamamlarda çimmək

Şaxtalı havada gəzintidən sonra yaxşıca qızınmağa hamam kömək edir. Əgər bu, qədim şərq hamamıdırsa, onda oraya mütləq getmək lazımdır.

Bakıda azı iki qədim hamam indiyədək fəaliyyət göstərir. Bunlardan biri İçərişəhərdə Kiçik Qala küçəsində yerləşən Ağa Mikayıl hamamıdır. XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən tikişmiş bu hamam məşhur “Hamamçılar məhəlləsi”ndə yerləşir. Əslində İçərişəhərdə memarlıq abidəsi kimi qorunan qədim hamam çoxdur, lakin onların arasında fəaliyyətdə olanı təkcə Hacı Ağa Mikayıl hamamıdır. İçərişəhərin digər hamamlarından fərqli olaraq, buradakı otaqlar daha genişdir. Soyunub-geyinmə və çimmək yerləri kvadrat formasındadır. Çаtmа tаğlаr və günbəzlər ümumi kompozisiyanı prоpоrsiоnаl yаruslаrа bölür. Onun İçərişəhərdəki digər hamamlardan fərqli tüstü bаcаsı var.

Azərbaycan kinematoqrafının incilərindən biri – Üzeyir Hacıbəylinin eyniadlı operasının motivləri əsasında çəkilmiş “O olmasın, bu olsun” filminin bəzi səhnələri Ağa Mikayıl hamamında lentə alınıb. Ona görə də el arasında bu hamamı komediyanın baş qəhrəmanının adı ilə – “Məşədi İbad hamamı” adlandırırlar.

Bakının mərkəzində fəaliyyətdə olan digər tarixi hamam – 1886-cı ildə tikilmiş “Təzə bəy” hamamıdır. Saray üslubunda elementləri, ekzotik şərq interyeri ilə seçilən bu hamam hazırda bakılıların və şəhərin qonaqlarının həm istirahət, həm müalicə üçün üz tutduqları məkandır.

Doyunca yemək

Qışda Azərbaycanda doyumlu milli xörəklərin və kulinariya sürprizlərinin həvəskarlarını bütün restoran və kafelərdə bol çeşid gözləyir. Bütün gecəni vam odda bişirilən xaş məhz soyuq vaxtda xüsusilə ləzzət edir. Xaşdan sonra heç bir şaxta sizə kar etməz.

Şəki şəhərində “ixtira” edilmiş saxsı qablarda verilən çox dadlı və zərif pitidən mütləq dadmaq lazımdır. Ət, noxud və ədviyyatdan bişirilmiş piti bədəninizi də, ürəyinizi də qızdıracaq.

Dəniz məhsulları olmadan nə qış? Səxavətli Xəzər balıq xörəklərinin böyük çeşidinin qədir-qiymətini bilənlərin istənilən tələbini ödəyə bilər; bu yeməkləri paytaxtın və regionların bir çox restoranları təklif edir. Pomidor və pendirlə verilən nərə balığı, içi doldurulmuş qızıl balıq, tavada öz yağında qızardılmış ilanbalığı, içərisi kişmiş və qozla doldurulmuş kütüm – ləvəngi və sair.

Bəs xəngəl – heç onsuz keçinmək olar? Buğlana-buğlana süfrəyə qoyulan yarpaq xəngəli bol ət qiyməsi bulyonla birgə adamın canını istənilən peçdən yaxşı qızdırır.

Desert üçün isə xurma, feyxoa və portağal!

Azərbaycan torpağı bol nemət yetişdirir, xeyli meyvə və tərəvəz ixrac edilir. Qışda bazarlar yetişmiş xurma və feyxoa ilə dolu olur. Bunlar nə qədər dadlıdırsa, daşınması da bir o qədər əlverişsizdir.

Bu meyvələr əcnəbilər üçün kifayət qədər ekzotik, Azərbaycan iqlimi üçün isə tamamilə adidir. İlk şaxtalar düşəndə xurma bal kimi şirinləşir. Lakin tünd rəngli ləti olan “korolyok” sortuna daha çox tələbat var. Azərbaycanda təzə xurma yedikdən sonra, onun qurusunu özünüzlə apara bilərsiniz. Bu, çox dadlı və qidalı delikatesdir.

Şaxtalı havada portağal, təzə limon və narınginin dadına baxmaq istəyirsiniz? Bayram əhval-ruhiyyəsi oyadan bu ətirli sitrus meyvələr Azərbaycanda bütün qış boyu süfrəyə qoyulur. Özü də onlar qonşu ölkələrdə satılandan ucuzdur, çünki respublikanın cənub regionlarında – Lənkəran və Masallıda yetişdirilir.

Mövsümdə feyxoa da az populyar deyil. Bu meyvənin ətri və dadı eyni vaxtda çiyələk, kivi və ananası xatırladır. Feyxoa cem üçün də yaxşıdır. Onu istənilən mağazadan tapa bilərsiniz və Azərbaycanda keçirdiyiniz tətillər haqqında dadlı xatirə kimi özünüzlə apara bilərsiniz!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər