Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə kanalın mərkəzi aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva iştirak edib.
Mətbuat konfransında bu il noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avroviziya yarışmasında Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.
Məlum olub ki, təmsilçimiz Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən Fidan Hüseynovadır. Onun müsabiqədə ifa edəcəyi mahnı hələlik məlum deyil və Avroviziyanın qaydalarına əsasən mahnı ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır. Bildirilib ki, yaxın zamanlarda Fidanın ifa edəcəyi bəstə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Leyla Quliyeva Fidanın 6-cı sinif şağirdi olduğunu bildirib: “Fidan musiqi ilə yanaşı, basketbol, şahmatla da məşğuldur. Namizədliyini İTV təsdiqlədi. İstedadlı uşaqdır. Mahnını seçmə mərhələsi uzun sürəcək. O özü də mahnının yaranmasında iştirak edir”.
13 yaşlı ifaçı daha sonra tədbirdə canlı olaraq “Sarı gəlin”i səsləndirib.
Qeyd edək ki, F.Hüseynova 2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb, prezident təqaüdünə layiq görülüb.