Qurtuluşla başlayan yüksəliş

307

Bu gün Azərbaycanın müstəqillik tarixinin parlaq səhifələri yazılır. Vətən müharibəsinin qalibi olan respublikamız regionda lider, qlobal miqyasda isə söz sahibidir. Lakin Azərbaycanı bu uğurlara aparan yol hamar olmayıb. Biz bu yolda çox maneələrdən, dolanbaclardan, çətinliklərdən keçməli olduq, çox əziyyətlərə qatlaşdıq. Müstəqilliyimizi qoruyub saxlaya bildiyimiz, dövlətçiliyimizi yaşatdığımız üçün isə bir şəxsə – Ümummilli Liderimiz Heydər Əliyevə əbədi minnətdarıq.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə doğma xalqının rifahı və vətəninin inkişafı üçün əlindən gələni edib. Ona görə Ulu Öndərin ölkəmizə istər sovet illərində, istərsə də müstəqillik dövründə rəhbərliyi tariximizi şərəfləndirən hadisələrlə əlamətdardır. Birinci dəfə Ulu Öndər Azərbaycanı sovetlər birliyinin geridə qalmış aqrar respublikasından inkişaf etmiş sənaye respublikasına çevirdi. Heydər Əliyevin sayəsində sovet dövründə respublikamız bütün sahələrdə yüksəlişə nail oldu, dünyada tanındı.

Ona görə 29 il əvvəl – Azərbaycanın başının üstünü dərin böhranların aldığı bir dövrdə xalqımızın Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Məlum olduğu kimi, AXC-Müsavat cütlüyünün səriştəsiz və naşı idarəçiliyi artıq 1993-cü ildə bir dövlət kimi Azərbaycanın tənəzzülünü və parçalanmasını  qaçılmaz etmişdi. Dövlət faktiki olaraq idarəolunmaz hala gəlmişdi. Bunun nəticəsi kimi ölkədə separatçılıq dərinləşmiş, cəbhədə torpaqlarımız müdafiəsiz qalmışdı. Ölkədə anarxiya, xaos, özbaşınalıq tüğyan edirdi. Həmin günlərdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Hər kəs əmin idi ki, məhz Heydər Əliyev kimi qətiyyətli və proseslərə təsir edə biləcək əsl lider öz qətiyyəti və siyasi müdrikliyi ilə ölkəni bu təhlükələrdən qoruya bilər. O cümlədən bütün siyasi qüvvələr yalnız Heydər Əliyevin  ölkəni üzləşdiyi bəlalardan xilas edə biləcəyinə inanırdılar.

Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya gəldi. Ulu Öndər Bakıya gəlişinin əsas qayəsini, mənasını ilk növbədə xalqın ən böyük sərvəti saydığı müstəqilliyin qorunub saxlanmasında, ölkəni başına götürmüş böhranın aradan qaldırılmasında görürdü. Həmin gündən etibarən artıq hər kəs ölkənin başı üzərini almış təhlükələrin tezliklə sovuşacağından, hərbi-siyasi böhranın başa çatacağından əmin idi. Çünki Heydər Əliyev kimi siyasət nəhəngi, zəngin idarəçilik təcrübəsi olan bir insan üçün həlli mümkün olmayan heç nə yox idi.

1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi xalqımızın, parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin Ulu Öndərin xilas missiyasına inamının təcəssümü idi. Bu, bütün xalqın ürəyinin səsi idi. Ona görə 1993-cü ilin 15 iyun tarixi sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasının ləyaqətlə yerinə yetirdi. Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan dövlətə çevrildi. Eyni zamanda Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluşdan götürdü. Ona görə Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il fərəh hissi ilə qeyd edir.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il inkişaf və sabitliyin təmin olunması, dövlətçiliyimizin dayaqlarının möhkəmləndirilməsi dövrü kimi yadda qaldı. Ötən 19 ildə isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Bugünkü Azərbaycan həm də Heydər Əliyevin görmək istədiyi, arzuladığı Azərbaycandır. Vaxtilə Ümummilli Lider məcburi köçkünlər qarşısında çıxışlarının birində inamla demişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu – biz onlarsız yaşaya bilmərik”. 

Bu gün Ulu Öndərin ruhu rahatdır. Çünki Şuşa da, Laçın da, Kəlbəcər də,  Ağdam da, Cəbrayıl da, Zəngilan da, Qubadlı da artıq azaddır.

Bəli, Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Ulu Öndərin arzularını da çin etdi.  44 günlük savaşdakı zəfər həm də onu təsdiq etdi ki, tarixinin əzəmətli dövrünü yaşayan Azərbaycan ən möhtəşəm uğurlara imza atmağa qadirdir.

Müşfiq MƏMMƏDLİ,

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər