Rafael Ağayev “Bizon” brendi ilə əməkdaşlıq müqaviləsi imzalayıb – VİDEO

1290

Azərbaycanın və dünyanın tanınmış karateçisi Rafael Ağayev “Bizon” brendi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Report” xəbər verir ki, bununla bağlı “Marriott” otelində mərasim təşkil olunub. Əvvəlcə Ağayevlə bağlı videoçarx göstərilib. Videoda 5 qat dünya və 11 qat Avropa çempionunun karyerasından və keçirdiyi görüşlərdən bəhs olunub.

Daha sonra “Bizon” brendinin layihə rəhbəri Ceyhun Hüseynov tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul etdikləri üçün təşəkkürünü bildirib. Hüseynov “Bizon” layihəsinin 2015-ci ildə yarandığını və 4 illik qısa dövrdə böyük inkişaf yolu keçdiyini vurğulayıb: “Bu inkişaf “Avrora” şirkəti tərəfindən yürüdülən düzgün marketing və satış strategiyası sayəsində əldə edilib. Şirkətimizin peşəkar işçi heyətinin göstərdiyi böyük əməyin sayəsində bu gün məhsullarımız geniş istehlakçı kütləsi tərəfindən sevilir və istehlak edilir. Bazarda bu məhsul kateqoriyasında olan çətin rəqabət şəraitinə baxmayaraq, hər keçən il bazar payımızı, satışlarımızı və marka tanıtımımızı artırmağa müvəffəq oluruq.Məhsullarımız ən son dünya texnologiyaları və dünya standartlarına uyğun istehsal prosesi ilə, yüksək ixtisaslı istehsal mütəxəssisləri tərəfindən istehsal edilir.Brend yaradılandan bu günə kimi komanda olaraq məqsədimiz Azərbaycan istehlakçısına ən münasib qiymətə yüksək keyfiyyətdə məhsul təqdim etmək olub. Bu gün istehlakçılarımızın məhsulumuza olan yüksək marağı hədəflərimizə doğru düzgün irəlilədiyimizi göstərir”.

Layihə rəhbəri həmçinin bildirib ki, hər brendin inkişafı üçün onun düzgün və aktiv reklam siyasəti olmalıdır. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də brendin aktiv şəkildə reklam fəaliyyəti nəzərdə tutulub: “Bütün ən effektiv və aktual reklam vasitələri ilə ötən illərdə olduğu kimi, bu il də reklam kommunikasiyamızı davam etdirəcəyik. “Güc Məndədir” konsepsiyası altında edəcəyimiz 2019-cu il üçün reklam aktivliyimiz ümid edirik ki, müştərilərimiz tərəfindən geniş maraqla və rəğbətlə qarşılanacaq.

Hüseynov dünya təcrübəsində brendlərin öz mesajlarını müştərilərinə təqdim etmək üçün brendə sima seçimi etdiklərini vurğulayıb: “Biz də heyət olaraq bunu düşündük. Seçimimizi etməzdən əvvəl mövzu ilə bağlı müxtəlif sorğular vasitəsilə rəy topladıq və yekun qərara gəldik. Hamımızın fəxri olan Rafael Ağayevi marka sima olaraq seçdik. Sizlərin qarşısında əməkdaşlıq müqaviləsi imzalayacağıq. Biz karate idman növü üzrə ölkəmizin və dünyanın ən güclü idmançısı olan Rafael Ağayevi seqmentinin ən güclü içkisi olan “Bizon” brendi ilə “Güc Məndədir” reklam konsepsiyası altında birləşdirdik. Ümid edirik ki, bu əməkdaşlıq həm bizə, həm də Rafael Ağayevə faydalı olacaq. Məhsullarımıza idman və sağlam həyat tərzi nəfəsi gətiririk. “Bizon” brendi olaraq, Rafael Ağayevi bundan sonrakı idman fəaliyyətində dəstəkləyirik, ona uğurlar arzu edirik. İnanırıq ki, “Tokio-2020″ Yay Olimpiya Oyunlarında qızıl medal əldə edəcək”.

Rafael Ağayev isə tədbirə gələn hər kəsi salamlayaq iştirakçılara təşəkkür edib: “Çox şadam ki, bu şirkət mənimlə maraqlanıb. Birlikdə əməkdaşlıq edəcəyik. Mənim üçün başqa reklam təklifləri də var idi. Mən “Bizon” brendini seçdim”.

Karateçinin çəkildiyi reklam videosu təqdim edildikdən sonra rəsmi müqavilə imzalanıb.

Hüseynov Ağayevlə tanışlıqlarının maraqlı tarixçəyə malik olduğunu bildirib: “Ortaq dostlarımızla tanış olduq. Sadə insandır. Seçim çətin olmadı. Çox sağ olsun təklifi qəbul etdi. Azərbaycan şirkətlərində xarici simalara yönəlmək kimi bir istək var. Amma ölkəmizdə də məşhur insanlar çoxdur. Bizim Rafael Ağayevlə əməkdaşlığımız hələ indi başlayır. İl ərzində yaxşı işlər ortaya qoyacağıq”.

Ağayev isə şirkətlə bir-birilərini yaxşı başa düşdüklərini və razılıq əldə etdiklərini deyib. Təcrübəli idmançı olimpiadaya hazırlığı barədə də danışıb:”Hazırlıq yüksək səviyyədə gedir. Çox güclü məşq prosesləri var. Karate Rafaellə başlayıb, Rafaellə bitmir. Başqa uğurlar əldə edən karateçilərimiz də var. Tək əldən səs çıxmaz”.

Sonda tədbir iştirakçıları Ağayevlə şəkil çəkdirib və ondan imza alıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər