Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb.
Milli.Az xəbər verir ki, 5 qat dünya, 11 qat Avropa çempionu Karate1 Premyer Liqasında 2018-ci ilin qalibi adına yiyələnib.
Premyer Liqanın təşkilatçıları il ərzində baş tutan 7 yarışın yekunlarına əsasən, bütün çəki dərəcələrində ən yaxşıları açıqlayıb. Ağayev 75 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb.
Premyer Liqanın Dubay (BƏƏ) və Rabat (Mərakeş) turnirlərində qalib olan, Paris (Fransa) və Berlində (Almaniya) yalnız finalda uduzub, Rotterdamda (Hollandiya) “bürünc”lə kifayətlənən Ağayev aşkar üstünlük qazanıb. Bu üzdən Yaponiyanın Tokio şəhərində keçirilən sonuncu Premyer Liqa turniri bu çəki dərəcəsinin qalibinin müəyyənləşməsi baxımından əhəmiyyət daşımayıb. Nəticədə Rafael ilk dəfə bu nüfuzlu titula yiyələnib.