Regionların dirçəldilməsinə yönəlmiş addımlar müsbət nəticə verir

960

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının neftdən asılılığına imkan verməmək prinsipi üzərində qurulmuş islahatlar strategiyasının nəticəsi olaraq ötən 17 ildə qeyri-neft sektorunda hər il artım baş verdi. Ölkədə sahibkarlığın inkişafına, regionların dirçəldilməsinə və yoxsulluğun azaldılmasına yönəlmiş addımlar müsbət nəticə verdi. Bu, ölkəyə daxil olan böyük neft gəlirlərinin bir hissəsinin dövlət tərəfindən iqtisadiyyatın digər sahələrinə investisiyalar şəklində yatırılmasının, habelə sahibkarlığın bütün ölkə boyu inkişafının nəticəsi idi. Ötən illər ərzində qeyri-neft sektorunda baş verən artım qeyri-neft sənayesinin, kənd təsərrüfatının və digər sektorların inkişafı nəticəsində mümkün oldu. 

Hələ 2003-cü ildə prezident seçkiləri zamanı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini bəyan etdi və regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının əsas hədəflərdən biri kimi müəyyənləşdirmişdi.

Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də, tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dəfələrlə dövlət proqramları qəbul etmişdir.

Prezident İlham Əliyevin 20 aprel tarixində Hacıqabul rayonuna səfəri, burada etdiyi açılışlar regionların inkişafına göstərilən diqqətin əyani təzahürüdür. Səfər çərçivəsində Prezident İlham əliyev Hacıqabul Sənaye Məhəlləsinin və “Azərsun Şamaxı Aqropark”ın açılışında, “Aqro Dairy” MMC-nin aqroparkının təqdimatında iştirak etdi. Ölkə başçısı Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi və “Qarasu” yarımstansiyasının istismara verilməsi tədbirlərində iştirak etdi.

Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində Hacıqabul rayonunda son illər görülmüş işlərə nəzər saldı, qeyri-neft sektorunun inkişafı baxımında aqroparkların fəaliyyətini dəyərləndirdi.

Məlum oldu ki, ötən dövr ərzində qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramları Hacıqabul rayonunda da uğurla icra edilib. Dövlət proqramlarının uğurlu icrası nəticəsində Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb, Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb. Ötən dövr ərzində rayonda içməli su layihəsi icra edilib və Hacıqabul şəhəri içməli su ilə təmin olunub. Kənd yollarının75 faizi yenidən çəkilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib.

Prezident İlham Əliyevin müsahibəsində bildirdi ki, bütün bunlar insanlar üçün gözəl şərait yaradır: “İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir”.

Bu gün ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının önə çıxması isə təsadüfi deyil. Son illər ərzində dövlət ərzaq təhlükəsizliyinin təmin olunması üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm layihələr reallaşdırır.

Regionlarda yeni aqroparkların yaradılması, eyni zamanda kiçik fermer təsərrüfatlarının inkişafı məhz ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu gün ölkəmizdə istər aqroparkların, istərsə də kiçik fermer təsərrüfatlarının inkişafı sahəsində mühüm addımlar atılır. Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, regionlarda ümumilikdə 50-dək aqroparkın yaradılması nəzərdə tutulur: “Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Əgər biz bu işləri özəl sektorla birlikdə görməsəydik, bu investisiyaları heç kim qoymazdı. Çünki dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir. Bu aqroparklar – “Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir.

Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada – “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır”.

İşğaldan azad olunmuş ərazilərin əlverişli iqlim şəraitinə və eləcə də, kənd təsərüfatı üçün yararlı torpaqlara malik olması, ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük təkan verəcək.

Bölgədə aqrar sektorun potensialı böyükdür. Belə ki, işğaldan azad olunmuş 7 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümumi həcmi 500 min hektara yaxındır. Bu baxımdan, işğaldan azad olunmuş torpaqlarda aqroparkların yaradılması həm yerli tələbatın ödənilməsinə, həm də ixrac potensialının artmasına töhvə verəcək.

Beləliklə, deyə bilərik ki, qeyri-neft sektorunun inkişafı prezident İlham Əliyev tərəfindən aparılan, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların əsas nəticələrindən biridir.

Belə ki, hazırda qeyri-neft sektoru iqtisadiyyatın əsas gəlirli sahələrindən  birinə çevrilməkdədir və bu sahənin gələcək inkişafı Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını aradan qaldırmağa imkan verəcək. Ötən illərdə əsası qoyulan və bu gün də inkişaf etdirilən aqroparkların fəaliyyəti nəticəsində yaxın perspektivlərdə qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha da yüksələcək.

Təbrik Quliyev, Kimya elmləri üzrə fəlsəfə doktoru, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər