Regionların inkişafı ölkəmiz üçün əsas prioritet istiqamətlərdəndir

490

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 18 il ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrdə inkişafın yeni dövrü başladı. Bu illər ərzində regionlarda sosial-iqtisadi inkişaf baş verdi, iri istehsal və infrastruktur layihələri reallaşdırıldı, genişmiqyaslı tikinti-quruculuq işləri görüldü, yeni yolların, elektrik stansiyalarının, kommunikasiyaların tikintisinə  başlanıldı.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan uzun illər işğal altında olan torpaqlarını azad etdi. Bu gün işğaldan azad olunmuş rayonlarımızda genişmiqyaslı bərpa işlərinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərimizlə yanaşı, digər regionlar da diqqətdən kənarda qalmır, quruculuq işləri ölkənin bütün ərazilərini əhatə edir. İkinci Qarabağ müharibəsi dövründə dağıntılara məruz qalan Gəncə şəhəri də inkişaf edir, burada mühüm layihələr reallaşdırılır.

Prezident İlham Əliyev bu günlərdə Gəncə şəhərinə səfər edərək mühüm açılışlar etdi. Ölkə başçısı ötən on səkkiz il ərzində Gəncə şəhərinə 18 dəfə rəsmi səfər edib. Prezidentin Gəncə şəhərinə hər bir səfəri şəhər üçün əlamətdar hadisələrlə yadda qalıb.Şəhərdə bir sıra mühüm layihələr icra edilib, bu gün də bu istiqamətdə işlər davam etdirilir. Gəncənin kompleks inkişaf planı təsdiq edilib və uğurla icra olunur. Son illər Gəncədə infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Ötən dövr ərzində 10 yarımstansiya tikilib və əsaslı təmir olunub. Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hazırda davam etdirilir. Gəncə şəhərinin daxili, eyni zamanda Gəncə şəhərindən keçən ölkə miqyaslı yollar çəkilib. Eyni zamanda, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb.

Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Gəncə dəmir yolu xətti də tamamilə müasirləşdirilib. Hazırda Bakıdan Gəncəyə, Gəncədən Bakıya sürətli qatarlar hərəkət edir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı yenidən qurulub.

Gəncənin səhiyyə və təhsil infrastrukturu da son 18 il ərzində yenilənib. Ötən dövr ərzində Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu istiqamətdə problemlərin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib.

Son illərdə Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənib. Bir neçə il əvvəl Gəncə Filarmoniyası açıldı.Filarmoniyanın açılışı Gəncənin mədəni həyatına, eləcə də şəhərin ümumi görünüşünə böyük töhfə verdi. Dram Teatrda da əsaslı işlər görülüb. Son illərdə Gəncənin mədəni həyatı da çox zənginləşib. Gəncənin hərtərəfli inkişafı, o cümlədən parkların, xiyabanların, istirahət və əyləncə məkanlarının yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bütün bu işlər dəqiq müəyyən edilmiş siyasətin nəticəsidir.

Prezident İlham Əliyev müsahibəsində xüsusilə vurğuladı ki, Gəncə şəhərinin inkişafı bütövlükdə regionun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Gəncə şəhərində həyata keçirilən infrastruktur layihələri bölgədə digər rayonların da inkişafına təkan vermiş olur.

Kəlbəcərə gedən yeganə yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərə uzanır. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilər. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaq. Daşkəsəndə dağ-mədən sənayesinin uğurlu inkişafı Gəncədəki infrastrukturdan da çox asılı olacaq. Rayonda həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Burada Gəncənin də xüsusi rolu olacaq.

Beləliklə, ötən 18 il ərzində Gəncə şəhərində həyata keçirilən layihələrə diqqət yetirdikdə görürük ki, regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerə malik olub. Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Post müharibə dövründə də dövlət işğaldan azad olunmuş rayonlarla yanaşı, bütün başqa şəhər və rayonların da inkişafına diqqət yetirir.

 Xudaverdi İsmayılov, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər