Regionun davamlı inkişafı üçün yeni əməkdaşlıq imkanları yaranır

731

Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclası keçirilib. Azərbaycan xalqı üçün müqəddəs, mədəniyyət paytaxtımız olan Şuşa şəhərində belə mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq statusunun yüksəlməsindən xəbər verir.
İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv dövlətlərlə əlaqələrinə xüsusi önəm verir.
İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə etmək, region ölkələri arasında iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi də bu baxımdan əlamətdar hadisədir.
Prezident İlham Əliyev iştirakçılarına məktub ünvanlayaraq belə bir mötəbər tədbirin Şuşada keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.
Dövlətimizin başçısı qeyd edib ki, otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.
Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlər sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.
Sözsüz ki, həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişinə, əhalinin dayanıqlı məskunlaşmasına, eləcə də bu ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə əlverişli şərait yaradır.
Prezident İlham Əliyev müraciətində görülmüş işlərlə yanaşı 30 illik işğalın fəsadlarından da danışıb: “30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir”.
Prezident İlham Əliyev iştirakçılara ünvanladığı məktubda Azərbaycanın etibarlı tranzit ölkə olduğunu və nəqliyyat-logistika infrastrukturunun bütün İƏT ölkələri üçün açıq olduğunu vurğulayıb. Prezident qeyd edib: Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır.
Beləliklə, İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və çiçəklənməsi üçün yeni əməkdaşlıq imkanları açacaq.
Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər