“İstərdim ki, hər bir rayonda futbol komandası yaradılsın. Çünki komandaların sayının çox olması gənc futbolçuların oynamaq imkanını artıracaq”.
“Bu sahədə çalışırıq. Ancaq bizim də imkanlarımız məhduddu. AFFA-nın klub yaratmağa və onu maliyyələşdirməyə ixtiyarı yoxdu. Ancaq klublarımıza hərtərəfli köməyi əsirgəmirik. Hər bir regionda bu istiqamətdə işlər görülür, yarışlar keçirilir, yeni stadionlar, meydançalar tikilir. Bu yaxınlarda Ağsuda yeni stadionun açılışı oldu. Çalışırıq ki, orada da klub yaradılsın. Digər bölgələrdə də işlər görülür. Prezident İlham Əliyevin göstərişi ilə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidənqurulması ilə bağlı layihə hazırlanıb. Gələn ilin əvvəlindən Sumqayıtda 15 minlik yeni stadionunun inşasına başlanacaq. Bu, Sumqayıtda futbolun inkişafına böyük təkan verəcək. Eyni zamanda, Gəncə şəhər stadionunun yenidən qurulması məqsədilə layihə hazırlanır. Layihə tez bir zamanda hazır olacaq və gələn il orada da yenidənqurma işləri aparılacaq. Bundan başqa, Bakıda, 8-ci kilometr qəsəbəsində AFFA tərəfindən inşa edilən 15 minlik stadionun tikintisi tez bir zamanda yekunlaşacaq. Stadion 2012-ci ildə keçiriləcək U-17 qadınlararası dünya çempionatına qədər hazır olmalıdı. 20-ci dairə adlanan ərazidəki stadionda da yenidənqurma işlər görülür. Gələn ilin ortalarınadək 5 minlik stadion futbolçuların ixtiyarına veriləcək”.