Şanlı ordumuzun tarixi Zəfəri

304

Azərbaycan xalqı tarixinin ən qüdrətli dövlətinin Zəfər salnaməsinin, haqq-ədalət uğrunda şanlı qələbəsinin üçüncü ilini sonsuz sevinc hissi, əsl coşqu ilə qeyd edir. Çünki qürurluyuq, alnımız açıq, başımız dikdir!

Otuz ilə yaxın idi ki, bu Qələbəni gözləyirdik. Nəhayət, 2020-ci ilin sentyabrın 27- də əks-hücum əməliyyatlına başlandı. Azərbaycan xalqı bir yumruq altında birləşərək, bütün dünyaya gücünü, yenilməzliyini bir daha sübut etdi.

Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Fitnəkar düşmən məğlubiyyətini anlayaraq, noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Cəmi qırx dörd gün çəkən Vətən müharibəsinin sonu 200 illik tariximizdə qazandığımız ən böyük qələbə ilə bitmişdir. Ordumuz bu savaşda işğal olunmuş torpaqlarını geri qaytardı. Qarabağda başlanan uğurlu hərbi əməliyyatlar nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğalçılardan təmizləndi.

Üçtərəfli Bəyanata görə bir güllə atmadan noyabrın 20-də Ağdam və 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları barbarlardan geri qaytarıldı, Bayrağımız o yerlərdə qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm
döyüş meydanında, həm siyasi müstəvidə qazanaraq dünyada öz qüdrətini, məğlubedilməz dövlət olduğunu bir daha təsdiqlədi.

Təbii ki, bütün bunları vurğulamaqla yanaşı, strateji üstünlüyü və Qələbəni təmin etmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi diplomatiyasından danışmamaq olmaz. Bütün bu illər ərzində münaqişənin
sülh yolu ilə həll olunması üçün başda Ulu Öndər Heydər Əliyev olmaqla onun layiqli davamçısı İlham Əliyev gərgin iş aparmış, dəfələrlə dünya ictimaiyyətini bu məsələnin həlli üçün masaya dəvət etmişlər. Təəssüflər olsun ki, otuz il davam edən beynəlxalq riyakarlıq nəticəsində bu məsələ öz həllini tapmamış və Azərbaycan suveren hüququnu qorumaq naminə Vətən savaşına başlayaraq, onların illərlə formalaşdırmağa çalışdığı mifi darmadağın etdi.

Müharibənin ilk günlərindən, ilk saatlarından etibarən xalqımız qardaş Türkiyənin dəstəyini hiss etdi. Dost ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər birimizi qürurlandırdı, sevindirdi.

Bəli, 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu haqsızlığa son qoyulsun, tarixi ədalət Zəfər çalsın.

Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən mesajlar öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda xalqın hisslərini əks etdirən hər bir çağırış, hər bir fikir insanların hafizəsinə əbədi həkk oldu, ruh yüksəkliyi yaratdı.

İnformasiya savaşı
Danılmaz faktdır ki, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsinə çevrildi. Həmin tarixi günlərdə xalqımız Ali Baş Komandanla həmrəylik, birlik, əzmkarlıq nümayiş etdirdi, bütün gücü,
imkanları ilə onun yanında oldu. Hamı ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, cənab Prezidentimizin uğurlu siyasətinin nəticəsi idi. Dövlət – xalq – ordu birliyi, Prezidentimizin siyasi addımı, hərbçilərimizin yüksək peşəkarlığı qarşısında Ermənistan tab gətirə bilmədi və məğlub oldu.

O ağır dövrdə Ali Baş Komandan təkcə sərkərdə kimi döyüşləri idarə etmirdi, eyni zamanda diplomatiya səngərində vuruşurdu. Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur. Beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.

Vurğulanmalıdır ki, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən məhz Ulu Öndər olmuşdur. Münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi.

Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan düşmənin torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə xüsusi diqqət ayırmağa başladı. Çıxışlarında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”

Bu gün qürur duyuruq ki, Ulu Öndərimizin təməlini qoyduğu ordu quruculuğu cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da möhkəmlənmişdir. Qırx dörd günlük Zəfərimiz bunu bir daha təsdiqlədi. Otuz illik torpaq həsrətinə son qoyuldu. Ümummilli liderimizin və şəhidlərimizin ruhu şad oldu.

Xalqımız tarixi hadisələrə şahidlik edir

Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımız vandallardan təmizləndi. Bu savaş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətlə başa çatdı, üçrəngli bayrağımızın doğma Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanması ilə nəticələndi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı isə Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ tamamilə işğalçılardan təmizləndi və erməni separatizminə son qoyuldu.

Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev bizə növbəti qələbənin sevincini yaşatdı. Aylı-ulduzlu bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını gerçəkləşdirdi, şanını-şöhrətini bütün dünyaya yaydı.

Azərbaycan Prezidenti Xankəndi şəhərinin mərkəzi meydanında bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək demişdir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma
xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Xalid HACIYEV,
2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin
Xüsusi notariusu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər