SDU beynəlxalq əlaqələri genişləndirir - DAHA BİR MEMORANDUM İMZALANDI

758
Dekabrın 18-də Özbəkistan Respublikasının Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşan filialının rəhbərliyi Azərbaycana səfər çərçivəsində Sumqayıt Dövlət Universitetində olub.
Səfərin məqsədi ikitərəfli əməkdaşlığın müzakirə edilməsi, əməkdaşlığa dair Memorandumun imzalanması, habelə SDU-nun qabaqcıl təcrübəsinin öyrənilməsi idi.
Görüşü Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov açaraq qonaqları salamladı və onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. İki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın çox məhsuldar və faydalı olacağını vurğulayan Rüfət Əzizov təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi. Universitet haqqında dolğun məlumat verən rektor SDU-nun çoxprofilli bir universitet olduğunu və Daşkənd İnformasiya Texnologiyaları Universiteti ilə ortaq əməkdaşlıq imkanlarının mümkünlüyünü xüsusilə vurğuladı.
Hər iki universitetin geniş tədris imkanları və maddi-texniki bazası haqqında müfəssəl məlumatların əks olunduğu videoçarx nümayiş olunduqdan sonra qonaqlar SDU-nun Heydər Əliyev Mərkəzi, kompüter texnologiyaları və proqramlaşdırma, elektron çeviriciləri və ölçmələr, avtomatlaşdırma və informasiya texnikası, texnoloji ölçmələr və texniki vəsaitlər, avtomatik tənzimləmə, rəqəmli idarəetmə sistemləri, eyni zamanda SDU nəzdində tədris məqsədilə yaradılan açıq səma altında Elektroenergetikanın tədris muzeyi və arxeologiya və etnoqrafiya auditoriyası ilə yaxından tanış oldular.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar SDU-da olmaqdan məmnunluğunu ifadə etdilər, təmsil etdikləri ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verdilər. SDU-nun fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətindən danışdılar. Universitetlər arasında elm, təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edərək, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğuladılar.
Görüşdə SDU-nun Tədrisin təşkili və təlim texnologiyarı üzrə prorektoru dosent Natiq Talıbov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Mühəndislik fakültəsinin dekanı dosent  Ulduz Ağayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşan filialından isə direktor Nasrullayev Nurbek Baxtiyoroviç, Ümumi işlər üzrə direktor müavini Oçilov Uluqbek Şodimurodoviç, direktorun müşaviri Fozilov Azamat Axmadjonoviç, Elmi işlər üzrə direktor müavini Maxmudov Salimjon Olimjonoviç və Elmi hissənin müdiri Mambetova İndira Jaksımuratovna iştirak etdilər.
Görüş universitetlər arasında Əməkdaşlıq Memorandumunun imzalanması və xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər