SDU-da 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yaradılması Günü qeyd olunub

186

İyunun 25-də Sumqayıt Dövlət Universitetində (SDU) 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yaradılması Günü münasibətilə elmi-praktik seminar keçirilib.
Tədbir iştirakçıları əvvəlcə universitetin ərazisində yerləşən şəhid-məzunların abidə kompleksini və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
SDU-nun Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin şərəfli inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Seminarı giriş sözü ilə açan SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli Azərbaycan Ordusunun yaranma tarixindən, milli ordu quruculuğu prosesindən və Silahlı Qüvvələrimizin keçdiyi mühüm inkişaf mərhələlərindən bəhs edib.
Rektor qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycan Ordusunun formalaşması və güclənməsi üçün möhkəm təməl yaradıb. O, Ulu Öndərin ölkəyə ilk rəhbərliyi dövründə milli zabit kadrlarının hazırlanması istiqamətində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını xüsusi vurğulayıb.
Professor Nurəli Yusifbəyli bildirib ki, həmin strateji yanaşmanın məntiqi nəticəsi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpasına nail olaraq xalqımıza möhtəşəm Zəfər sevinci yaşadıb.
Rektor çıxışında vurğulayıb ki, hər bir dövlətin suverenliyinin və təhlükəsizliyinin əsas təminatçılarından biri güclü Silahlı Qüvvələrdir. Bu baxımdan ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələrin dayandığını qeyd edən rektor, zamanın çağırışlarına cavab verən, yüksək ixtisaslı və vətənpərvər kadrların hazırlanmasının əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Ədliyyə polkovnik-leytenantı, Sumqayıt Hərbi Prokurorunun müavini Tural Həsənli Azərbaycan Ordusunun 108 illik şərəfli tarixindən, onun dövlətçilik və milli təhlükəsizlik baxımından əhəmiyyətindən danışıb. O, ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsində, eləcə də ölkəmizin hüquqi mövqeyinin təmin olunmasında mühüm rol oynadığını bildirib.
Daha sonra II Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov, SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Riyaziyyat fakültəsinin tələbəsi, 44 günlük Vətən müharibəsi qazisi Rahil Xəlilov və digər çıxışçılar Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısındakı tarixi missiyasından, ordumuzun keçdiyi şərəfli yoldan və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən bəhs ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər