Aprelin 20-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası rəhbər vəzifəyə təyinatla başladı. Belə ki, universitetin rektoru professor Elxan Hüseynov dosent Elmar Xəlilovu Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru kimi kollektivə təqdim edərək onu yeni təyinatı münasibəti ilə təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı. Daha sonra Sumqayıt Dövlət Universitetinin keçdiyi inkişaf yolundan, tarixindən, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən söz açdı.
Dosent Elmar Xəlilov da Təhsil naziri cənab Emin Əmrullayevə və SDU-nun rektoru professor Elxan Hüseynova ona göstərilən yüksək etimada görə təşəkkür edib, bu etimadı doğruldacağını bildirdi.
Qeyd edək ki, dosent Elmar Xəlilov bu təyinata qədər SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edirdi.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Naziri cənab Emin Əmrullayevin K-336 18.04.2022-ci il tarixli əmrinə əsasən Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektor vəzifəsi Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi adlandırılmışdır.