SDU-da şəhid məzun Qorxmaz Sadikov anılıb -FOTO

540
Mayın 20-də Sumqayıt Dövlət Universitetinin həyətində universitetin məzunu, 44 günlük Vətən Müharibəsi qəhrəmanlarından biri, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Şəhid Qorxmaz Elşad oğlu Sadikovun xatirə lövhəsinin açılışı baş tutub.
Əvvəlcə universitetin professor-müəllim heyəti, tələbələr və Şəhidin ailə üzvləri şəhid tələbə-məzunların SDU-nun həyətində yaradılmış xatirə abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru dosent Rüfət Əzizov çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, o Zəfəri şərtləndirən şəhid və qazilərimizin, o cümlədən, onlardan biri Qorxmaz Sadikovun göstərdiyi şücaət və qəhrəmanlıq epizodları barədə söz açdı. Ərazimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların gənc nəslə örnək olduğunu, xalqımızın tarixində və yaddaşında heç zaman unudulmayacağını qeyd edən Rüfət Əzizov universitetin həyətində qəhrəman övladlarımızın adları həkk olunan bu abidənin professor-müəllim və tələbə heyəti üçün müqəddəs ünvan olduğunu qeyd etdi.
Azərbaycanın ərazi bütövlüyü uğrundakı döyüşlərdə SDU-nun onlarla məzun-tələbəsinin qalib əsgər adını qazandığını qeyd edən rektor şəhid ailələri və qazilərin universitet rəhbərliyinin diqqətində saxlanıldığını, onlarla mütəmadi olaraq görüşlər keçirildiyini, həmçinin mövcud problemlərinin həllində köməklik göstərildiyini nəzərə çatdırdı.
Şəhid məzunumuz Qorxmaz Sadikovun təhsil aldığı Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev Qorxmazla bağlı xoş xatirələrini bölüşdü, təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən cəsur əsgərin həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağını qeyd etdi.
Ailələrində iki uşaq böyüdüyünü, qardaşının həyat yolu ilə qürur duyduğunu bildirən şəhid bacısı Almaz Sadikova Vətənin adını ucaldan şəhid, qazi və milli qəhrəmanlara, həmçinin onların ailələrinə dövlət qayğısını bərqərar edən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Qeyd edək ki, 1998-ci ildə Sumqayıt şəhərində anadan olan Qorxmaz Elşad oğlu Sadikov Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bitirdikdən sonra SDU-nun Tarix və coğrafiya müəllimi ixtisasında təhsil almış, 2020-ci ildə həqiqi hərbi xidmət qulluqçusu qismində Vətən müharibəsində iştirak
etmişdir. Cəsur rabitəçi əsgər Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdəki xidmətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər