SDU-da Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş respublika elmi konfransı keçirilib

590

Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda respublika elmi konfransı keçirildi. Konfransdan öncə universitetin professor-müəllim heyəti və tələbələri dahi liderin universitetdəki büstü önünə gül dəstlələri qoyaraq ulu öndərə ehtiramlarını ifadə etdilər.

Daha sonra konfrans iştirakçıları universitetdə ümummilli liderin anadan olmasının 90-cı ildönümü münasibətilə Sumqayıt Şəhər Mərkəzi Kitabxanası ilə birgə təşkil olunmuş sərgi ilə tanış oldular.

Konfransda çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərdən danışdı, dahi liderin incəliklə apardığı siyasət nəticəsində ölkəmizin uçurumdan xilas olduğunu qeyd etdi. Rektor dedi ki, məhz Heydər Əliyevin müəyyən etdiyi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Ümummilli liderin təhsil sahəsinə xüsusi diqqət ayırdığını qeyd edən rektor vurğuladı ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ulu öndərin siyasi xətti onun siyasi məktəbinin yetirməsi olan İlham Əliyev tərəfindən uğurla davam etdirildi və daha da şaxələndirildi. “Ötən il universitetimizin 50 illik yubileyi ərəfəsində 20 əməkdaşımızın fəxri adlara və medallara layiq görülməsi dövlətimizin başçısının təhsil sahəsinə, eləcə də Sumqayıt Dövlət Universitetinə olan diqqətinin ifadəsidir” – deyə Nadir Qəhrəmanov əlavə etdi.

Daha sonra çıxış edən SDU-nun Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Heydər Əliyevin təhsil siyasəti” mövzusunda çıxış etdi. Professor qeyd etdi ki, dahi lider təhsil sahəsinin inkişafı üçün ardıcıl tədbirlər görmüş, islahatlar aparmışdır. Məhz görülmüş tədbirlərin nəticəsində ölkədə təhsilin səviyyəsi xeyli yüksəlmiş, müasir standratlar səviyyəsinə çatdırılmış, təhsil müəssisələrinin sayı artmış, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir.

SDU-nun Filologiya fakültəsinin dekanı, professor Aslan Bayramov isə “Milli mənəvi dəyərlərimizin açarı” mövzusunda çıxış edərək ümummilli liderin Azərbaycan xalqının milli mənəvi dəyərlərini qorumasında göstərdiyi misilsiz xidmətlər barədə məlumat verdi.

Qeyd edək ki, konfrans 2 gün ərzində bölmə iclaslarında işini davam etdirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər