SDU ilə STP arasında əməkdaşlıq genişləndirilir

1002
Dekabrın 7-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov və nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. Dəyirmi masa ətrafında keçən görüşdə STP-nin Baş icraçı direktoru Hicran Valehov qonaqları salamladı, STP ilə SDU arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirdi. Baş icraçı direktor sənaye parkının fəaliyyətindən danışaraq perspektiv əməkdaşlığın genişləndirilməsində müəssisənin maraqlı olduğunu qeyd edərək, 22 dekabr 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən sənaye parkının daxili bazarın tələbatını tam ödəməklə bərabər, ölkə xaricinə də məhsullar göndərdiyini qeyd etdi.
Sumqayıt Dövlət Universitetində kadr potensialının inkişafı üçün müxtəlif layihələrin gerçəkləşdirildiyini bildirən rektor Rüfət Əzizov bu görüşün hər iki tərəf üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin kadr potensialının inkişafına böyük töhfələr verəcək gələcək əməkdaşlığın uğurlu olacağına inandığını qeyd etdi. Rektor həmçinin qarşıdakı illərdə ixtisasların məzmununun yenilənməsi işində də Sumqayıtda yerləşən müəssisələrlə əməkdaşlığın nəticələrinin əsaslı rol oynayacağını xatırlatdı.
Hər iki tərəf tələbələrin istehsalat təcrübəsi ilə birgə elmi-tədqiqat sahələrində də əməkdaşlıq perspektivləri, tərəfdaş istehsalat  müəssisələri ilə ortaq tədqiqat predmetlərinin aktuallaşdığını qeyd etdi.
Baş icraçı direktor Hicran Valehov şirkət üçün ixtisaslı kadrların hazırlanmasının bu gün heç zaman olmadığı qədər aktual olduğunu və bu məqsədlə xüsusi treninq proqramının hazırlanıb həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu istiqamətdə kadrlar hazırlayan ali məktəblər, xüsusilə, SDU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd etdi.
STP-nin Baş insan resursları inzibatçısı Şölə Əliyeva bildirdi ki, əməkdaşlıq çərçivəsində SDU-nun şəxsində təhsil və praktikanın sintezi faydalı nəticələr verəcək: “Gələcək əməkdaşlığımızda biznesin müxtəlif sahələrinə aid nəzərdə tutduğumuz tədbirlərdə mentor qismində sizin universitet müəllimlərinin iştirak edəcəyinə ümid edirik”.
SDU-nun rektoru Rüfət Əzizov səmimi görüş üçün yaradılan mühitə görə öz təşəkkürünü bildirərək yaxın vaxtlarda iki müəssisə arasında imzalanacaq anlaşma memorandumunun faydalı olacağına inandığını bildirdi.
Görüşdən sonra nümayəndə heyətimiz “STP Global Cable” MMC-nin tərkibindəki müxtəlif növ məhsullar istehsal edən və illik istehsal gücü iki yüz min ton olan Elektrik Avadanlıqlar, Kabel və Sinkləmə zavodlarının sexlərinə baş çəkərək iş prosesləri ilə tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər