SDU-nun məzunu ilk dəfə MİQ-də iştirak etdi, 92,5 bal TOPLADI

320

Sumqayıt Dövlət Universitetinin (SDU) bu il məzun olan tələbəsi Göyçək Həsənzadə müəllimlərin işə qəbulu (MİQ) imtahanında ingilis dili fənni üzrə 92,5 bal toplayaraq yüksək nəticə əldə edib.
SDU məzunu olan Göyçək Həsənzadə sumqayitxeber.com-a açıqlamasında bildirib ki, bu, onun ilk MİQ imtahanı olsa da, nəticəsinə inanırdı.
“Sumqayıt Dövlət Universiteti bu il bitirmişəm və MİQ imtahanında ilk dəfə iştirak etdim. İngilis dili fənni üzrə 92,5 bal topladım. Bu nəticə məni çox sevindirdi. İmtahanda ingilis dili üzrə suallar mənim üçün kifayət qədər rahat idi. Ən çox narahat olduğum hissə kurikulum bölməsi idi. Amma nəticə göstərdi ki, həmin hissədə də ciddi çətinlik yaşamamışam.”
Göyçək Həsənzadə yüksək nəticənin uzun illər ərzində qazandığı biliklərin və davamlı hazırlığın nəticəsi olduğunu vurğulayıb.
“Uşaqlıqdan ingilis dilinə böyük marağım olub və bu dillə uzun illər məşğul olmuşam. Hazırda ingilis dilində sərbəst danışa bilirəm və B2 səviyyəsində biliyim var. Bu da imtahanda mənə mühüm üstünlük qazandırdı. Düşünürəm ki, yüksək nəticə əldə etmək üçün zəhmət çəkmək və öz biliyinə güvənmək lazımdır.”
SDU məzunu hesab edir ki, yüksək bal toplamağın vahid resepti yoxdur. Onun sözlərinə görə, ingilis dilini yüksək səviyyədə bilməyən namizədlər də planlı hazırlıq və davamlı çalışma ilə uğurlu nəticə əldə edə bilərlər.
O, universitetdə təhsil aldığı müddətdə məktəblərdən birində pedaqoji təcrübə keçdiyini də qeyd edib. Gələcək hədəfinin isə Bakı məktəblərindən birində ingilis dili müəllimi kimi fəaliyyət göstərmək olduğunu bildirib.
Göyçək Həsənzadənin MİQ imtahanında qazandığı yüksək nəticə Sumqayıt Dövlət Universitetində yetişən gənc müəllim namizədlərinin peşəkar hazırlıq səviyyəsinin daha bir uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər