SDU-nun tələbələri Folklor İnstitutunda təcrübədə

175

Martın 11-də AMEA Folklor İnstitutunda təcrübədə olan Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin V kurs tələbələri ilə görüş keçirilib.

Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələrinə elmi müəssisənin fəaliyyət istiqamətləri, elmi-tədqiqat və toplama sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə geniş məlumat verib. O qeyd edib ki, müasir dövrdə dünyada bütün elm sahələrində olduğu kimi, folklorşünaslıqda da yeni baxışlar meydana gəlməkdədir: “Biz folkloru yeni elmi-nəzəri baxışlar kontekstində öyrənməyi hədəfləyirik. Hazırda Folklor İnstitutunda bir tərəfdən ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin tələblərinə, digər tərəfdən isə dünyada meydana gələn qabaqcıl elmi istiqamətlərə uyğun araşdırmalar həyata keçirilir”.

Alim gələcəkdə Folklor İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında folklorşünaslıq istiqamətində əməkdaşlığın genişləndirilməsinin, birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə çıxış edən Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı Günel Paşayeva tələbələrin səmərəli və keyfiyyətli folklor elmi-tədqiqat təcrübəsi keçmələri üçün yaradılan şəraitə görə institut rəhbərliyinə təşəkkürünü bildirib.

Təcrübəçi tələbələrin təhkim olunduğu Klassik folklor şöbəsinin müdiri Rza Xəlilov və həmin şöbənin elmi işçisi Nail Qurbanov bildiriblər ki, tələbələr üç ay müddətində təcrübə keçərək elmi və praktiki biliklərini artıracaqlar. Qeyd olunub ki, təcrübə dövründə tələbələrə elmi-tədqiqat prosesində yaxından iştirak və araşdırma vərdişlərinin mənimsədilməsi nəzərdə tutulur. Folklorla bağlı tələbələrə tədris prosesində deyilməyən məsələlərə bu elmi-tədqiqat təcrübəsində aydınlıq gətiriləcək.

Sonda təcrübəçi tələbələr adından Valeh Məmmədəliyev və Şəbnəm İsmiyeva Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi keçdikləri üçün məmnunluqlarını ifadə edib, yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Görüş zamanı tələbələri maraqlandıran mövzular, o cümlədən folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması məsələləri müzakirə olunub, suallar cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər