SDU və APFM arasında memorandum imzalandı

979
Aprelin 26-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsi ilə  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar Mühasib Təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri  Assosiasiyası arasında əməkdaşlıq barədə memorandum imzalandı.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, dosent Loğman Abdullayev açaraq qonaqları və iştirakçıları salamladı. Loğman Abdullayev ikitərəfli əməkdaşlığı əhatə edəcək memorandumun imzalanmasının xüsusi əhəmiyyətini əhatəli şəkildə şərh etdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva  öz çıxışında SDU  ilə APFM arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi və iki müəssisə arasında bağlanan  memorandumun əhəmiyyətindən danışaraq  gələcəkdə tələbələrin ali təhsil aldıqları ixtisasa uyğun fəaliyyət göstərmələrində bu kimi əməkdaşlığın üstün cəhətlərini diqqətə çatdırdı. Qeyd etdi ki, 60 illik yubileyinə hazırlaşan Sumqayıt Dövlət Universiteti milli şüurun formalaşmasında, gənclərin vətənpərvər ruhda  tərbiyə olunmasında,  peşəkar kadrlar hazırlanmasında mühüm xidmətlər göstərir.
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova ikitərəfli əməkdaşlıq üçün yaradılan şəraitə görə  Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə təmsil etdiyi kollektiv adından minnətdarlıq etdi. Nuriyyə Novruzova  çıxış edərək imzalanan bu əməkdaşlığın dövlətimizin və təhsilimizin inkişafına verəcəyi töhfədən bəhs etdi və hər iki tərəfə uğurlar arzuladı.
Tədbirdə qeyd edildi ki, memorandumun əsas məqsədi tərəflər arasında iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi-tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına tərəflərin hər birinin peşəkar imkanlarının genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.
Tədbirdə APFM-in sədr müavinləri Rauf Rzayev,  Rəşad Əsgərov, APFM –in Təhsil komitəsinin sədri Sevil Babayeva, Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Səxavət Məmmədova, Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimləri Bəxtiyar Davudov, Mehman Əhmədzadə, Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Almaz Həmidova və fakültənin  tələbələri Nuriyyə Hüseynova, Namiq Nəcəfov çıxış edərək imzalanacaq ikitərəfli müqavilənin əhəmiyyəti haqqında fikirlərini bildirdilər. Yaradılan şəraitə görə Sumqayıt Dövlət Universiteti və APFM-in  rəhbərliyinə minnətdarlıq etdilər.
Sənədi İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva  və  Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova imzaladılar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər