«Azərikimya» İB-də əlillər üçün xeyriyyə aksiyası keçirilib və onlara əlil arabaları hədiyyə edilib
Oktyabr – noyabr aylarında Sumqayıtda «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirilmiş geniş miqyaslı xeyriyyə aksiyası şəhərin aztəminatlı və şəhid ailələrinə, həmçinin əlillərə olan diqqəti daha da artırılıb.
Bugünlərdə «Azərikimya» İB-nin akt zalında keçirilmiş xeyriyyə tədbirində Sumqayıt şəhərində yaşayan, hərəkətetmə imkanları məhdud olan müxtəlif yaşlı bir qrup əlilə yeni əlil arabaları və hədiyyələr təqdim edilib.
İdarə olunması və rahatlığı baxımından əlverişli olan əlil arabaları ilə təmin olunanların valideynləri və yaxınları göstərdiyi xeyirxahlığa, diqqət və qayğıya görə aksiyanın təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə ölkə rəhbərliyinin əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıl olaraq həyata keçirdiyi tədbirlərlə yanaşı bu cür humanitar aksiyaların Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının, özəl firma və şirkətlərin dəstəyi ilə davam etdirilməsinin də mühüm olduğu vurğulanıb.