Şəhid ailələri və qazilər dövlətin diqqət mərkəzindədir

2333

Azərbaycan prezidenti cənab İlham Əliyev son17 il ərzində ölkə əhalisinin sosial rifahının və həyat şəraitinin daha da yüksəldilməsi səyləri çərçivəsində Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həllini daima diqqət mərkəzində saxlamışdır.

İlham Əliyevin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə ölkəmizdə yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilmişdir.

Ötən dövr ərzində fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılmışdır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, mənzil-məişət şəraitləri yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Şəhid ailələri və sağlamlığınını itirən şəxslər mərhələli şəkildə yeni mənzillər, avtomobillərlə təmin olunmuşdur. Onların müalicəsi üçün yeni reabilitasiya mərkəzləri açılmış və zərurət olduğu halda müalicə olunmaq üçün xarici ölkələrə göndərilmişlər. Prezidentin müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasəti çərçivəsində hər il yüzlərlə əlil pulsuz istirahətlə təmin edilmiş, reabilitasiya mərkəzlərinə göndərilmiş və digər sosial proqramlara cəlb olunmuşdur.

Dövlətin bu təbəqəyə göstərdiyi qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilmişdir. Ümumilikdə, 2003-2013-cü illər ərzində 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. O cümlədən kənd rayonlarında həyətyanı sahəsi olan 750-dək fərdi ev tikilərək müharibə əlillərinə təqdim olunmuşdur.

Prezident İlham Əliyev ötən dövr ərzində həmçinin Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı proqramını reallaşdırmışdır. İlham Əliyevin birinci prezidentlik müddəti ərzində, 2003-2008-ci illərdə 900-ə yaxın Qarabağ əlili avtomobillə təmin olunmuşdur. Proses sonrakı illərdə də davam etmiş və hər il yüzlərlə Qarabağ əlilinə minik avtomobilləri paylanmışdır.

2009-cu ildə müharibə veteranlarına 500, 2010-cu ildə 350 minik avtomobili verilmişdir. 2011-ci ildə isə müharibə əlillərinə (Böyük Vətən Müharibəsi əlilləri də daxil olmaqla) 304 avtomobil paylanmışdır. 2012-ci ildə Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə 325 minik avtomobili təqdim olunmuşdur. Bu proses bu gün də davam etdirilir.

Prezident İlham Əliyev dəfələrlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən mənzillərin sahiblərinə təhvil verilməsi mərasimlərində iştirak etmişdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında, Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi şanlı qələbə ilə yekunlaşdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.

Bu qələbəni, zəfəri bizlərə yaşadan məhz Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti olmuşdur.

Bu gün də vətənimiz uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərimizə diqqət və qayğı yüksək səviyyədədir.

Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemlərini diqqət mərkəzində saxlayır,onların problemlərinin vaxtında aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələ üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT” Fondu yaradılmışdır.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin daha çevik və effektiv təşkil olunması məqsədi ilə yerli icra hakimiyyətlərində yeni şöbə yaradılmışdır. Sözsüz ki, bütün atılmış addımlar Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərək bildirmişdir ki, şəhid ailələrinə və qazilərə qayğı dövlətin daim diqqət mərkəzində olmuşdur və bundan sonra da Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiq qalacaqdır.

Vətən müharibəsindən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün yaşayış kompleksinin, şəhərciyin inşa edilməsinin, həmçinin Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verilməsinin təsadüfi xarakter daşımır. Görülən işlər, reallaşdırılan layihələr ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə dövlət siyasətində prioritet istiqamət kimi yanaşılmasının məntiqi nəticəsidir.

Qısa müddət ərzində Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Prezident İlham Əliyev tərəfindən bu ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcəkdir.

Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcək. Burada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilimişdir. Yaxın zamanda 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.

Dövlətimizin başçısı vurğulamışdır ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Ötən il bu kateqoriyadan olan şəxslərə 1572 mənzil verilib. 2021-ci ildə də bu kateqroriyadan olan şəxslərə 3 minə yaxın mənzil təqdim olunacaq. Həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək.

Sumqayıt şəhərində də Qarabağ müharibəsində sağlamlığını itirənlər və şəhid ailələri daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 12 avqust 2005-ci il, 28 avqust 2008-ci il, 24 dekabr 2012-ci il tarixlərində Sumqayıt şəhərində əlil və şəhid aillələri üçün yeni yaşayış binaları istifadəyə verilib. Azərbaycanda əlilliyi olan şəxslərə dövlət qayğısı respublikada paralimpiya hərəkatının hərtərəfli dəstəklənməsində də öz əməli təsdiqini tapır. 2008-ci ildə MDB məkanında ilk dəfə olaraq Sumqayıt şəhərində paralimpiyaçılar üçün beynəlxalq standartlara uyğun şəkildə Paralimpiya İdman Kompleksi istifadəyə verilib.
Bütün sadaladıqlarımız bir daha təsdiq edir ki, vətənimiz uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərimizə diqqət, bu kateqoriyadan olan şəxslərin  sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.

Sumqayıt şəhər Veteranlar Şurasının sədri, şəhid atası Sovet Şükürov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər