Sentyabr döyüşlərinin 1 ili TAMAM OLDU

501

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş sentyabr döyüşlərinin 1 ili tamam olur.

Modern.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmənin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində döyüş toqquşmasına səbəb olub.
Ordumuzun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Sərhəddə baş verən bu hərbi toqquşma nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr döyüşləri zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb.
Bundan başqa, Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də xəsarət alıb.

Sentyabr döyüşlərində Ermənistan tərəfi daha ciddi itki verib. Belə Ermənistan rəsmilərinin bildirdiyinə görə, düşmən 224 hərbçisini itirib, daha 3 nəfər isə itkin düşüb. Ermənilərin 300-dən çox hərbi qulluqçusu yaralanıb.

Ümumilikdə, qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.

Azərbaycan Prezident İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı sentyabr döyüşlərindən danışarkən deyib:

“13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün.

Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər