Azərbaycan mətbuatında və eləcə də Bakı küçələrində sərgilənən afişalarda 22 may tarixində Bakı şəhərində qaydasız döyüş üzrə yoldaşlıq görüşü keçiriləcəyi haqqında məlumatlar öz əksini tapır. Məlumatda qeyd olunur ki, Azərbaycan yığma komandasının heyətində rusiyalı idmançı, sambo döyüşü üzrə üçqat dünya və Avropa çempionu Aleksandr Yemelyanenkonun döyüşəcəyi də gözlənilir.
Aleksandr Yemelyaninko kimdir?
Mətbuatda qeyd olunur ki, Aleksandr Yemelyaninko, əfsanəvi qaydasız döyüş ustası və “Prayd” versiyası üzrə döyüşlərdə uğur qazanan Fyodor Yemelyaninkonun qardaşıdır. Lakin 21 mart 2010-cu il tarixində Rusiyanın NTV kanalında efirə gedən saat yarımlıq verlişdə qaydasız döyüş üzrə dəfələrlə çempion olmuş Aleksandr Yemelyaninkonun skinxetləri qafqazlılara qarşı amansız mübarizəyə hazırladığı, onları necə öldürmək, təhqir etmək yollarını öyrətdiyindən bəhs edilirdi.
Görünür bizim mətbuatda və eləcə də bu yarışı keçirənlərin, yarışa icazə verənlərin bu barədə müfəssəl məlumatları yoxdur. Əks halda onlar Azərbaycanlılara qarşı amansız davranan skinxetlərin təlimi ilə məşğul olan Yemelyaninkonun Bakıda qaydasız döyüş üzrə öz məharətini göstərməsinə icazə verməzdilər.
Maraqlısı isə budur ki, Azərbaycanda qaydasız döyüşün qadağan edən qanun mövcuddur və yarışın təşkilatçıları görünür bu barədə də məlumatsızdırlar.
Mövzuya qayıdacağıq