Son üç ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsildə tədrisin, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayır. Məhz şəhər rəhbərinin tövsiyyələrinə uyğun olaraq təhsil müəssisələrində dərs ilinin əvvəlindən reydlər təşkil edilib, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Bunların nəticəsidir ki, hesabat dövründə Sumqayıt məktəbliləri respublika və beynəlxalq səviyyədə keçirilən fənn olimpiadalarında həmişə fərqlənib, yüksək nailiyyətlər əldə ediblər.
2017-2018-ci tədris ilində buraxılış imtahanlarında iştirak etmiş 2697 nəfər 11-ci sinif şagirdindən 2284 nəfəri, yəni 85 faizi müvəffəq qiymət alıb. Bu respublika üzrə ən yüksək göstəricidir. Tədris ilində 12 nəfər orta məktəbi qızıl, 1 nəfər bürünc medalla və 141 nəfər fərqlənmə attestatı ilə bitirib.
Qəbul imtahanlarında iştirak etmiş məzunların 77,1 faizi tələbə adını qazanıb ki, bu da ötən illə müqayisədə 8 faiz yüksəkdir. Məzunların 211 nəfəri 600-dən yuxarı, 2 nəfər 700 bal toplamış, 7 nəfəri “Prezident təqaüdünə” layiq görülmüşdür. Yüksək nəticə göstərmiş məzunlarımız Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən qəbul edilmiş və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Təhsildə əldə olunan uğurlara görə müəllimlər günü ilə əlaqədar Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhərin bir qrup təhsil işçilərinə fəxri adlar, medallar və Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə fəxri fərmanlar verilib.