“Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu ciddi nəzərə alınmalıdır”

1142

“Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatıyla ciddi şəkildə tanış oldum. Sorğu 2020-ci ilin ikinci rübünü – aprel-iyun aylarını əhatə edir. Hər üç hakimiyyət qoluna münasibət öyrənilib. Əlbəttə ki, ölkə başçısı kimi prezidentin fəaliyyətiylə bağlı məqamlara xüsusi diqqət etmək lazımdır”.

Dominant.az-a bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatıyla bağlı danışarkən bildirib.

T.Mirkişilinin fikrincə, rəy sorğusunun nəticəsi bunu deməyə imkan verir ki, respondentlərin mütləq əksəriyyətinin prezident İlham Əliyevə olan inam və etimadı yüksək olaraq qalır: “Rəyi soruşulanların 70 faizi inam və etimadının dəyişməyərək yüksək qaldığını bəyan edib, 24.6 faiz respondent isə dövlət başçısına olan inam və etimadının artdığını birmənalı şəkildə qeyd edib”.

Komitə sədri vurğulayıb ki, bütün bunlar dövlət başçısının sosial, iqtisadi, siyasi, hərbi, səhiyyə və digər sahələrdə gördüyü işlərin, apardığı islahatların, əldə etdiyi uğurların, korrupsiyayla mübarizənin, ictimai sabitlik, kadr islahatı, məhkəmə hakimiyyətinin modernləşdirilməsinin insanlar tərəfindən yüksək qiymətləndirildiyini göstərir: “Sorğu həm paytaxtı, həm bölgələri əhatə edib. Stasionar telefonla seçmə üsuluyla aparılıb. Nəticələrin obyektivliyi göz qarşısındadır. Baxmayaraq ki, STM dövlət tərəfindən yaradılıb, publik hüquqi şəxs kimi bitərəfliyini qorumağa çalışıb. STM rəhbəri Zahid Orucun “Prezident İlham Əliyev boyanmamış, rənglənməmiş, gerçək məlumatlar tələb edir” fikirlərinə haqq verirəm. Baxmayaraq ki, bəzi müxalifət dairələri müəyyən qədər hücuma keçərək nəticələri şübhə altına almağa çalışdı, amma prezidentin həyata keçirdiyi bir çox uğurlu islahatları etiraf etməli oldular”.

Millət vəkili bildirib ki,1200 respondent arasında aparılan bu sorğu ciddi nəzərə alınmalıdır: “Çünki 25 əsas və 7 sosial-demoqrafik xarakterli suallar ünvanlanıb. Xüsusilə, prezidentin strateji fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə suallar verilib. Cavablardan respondentlərin müxtəlif sosial kəsimləri əhatə etdiyi görünür. Həm dövlət, həm özəl sektorda çalışanlar, işsizlər və digər kateqoriyaya aid olanlar iştirak ediblər. Bu da sorğunun obyektivliyini və əhatələyini daha da artırır. Prezidentin ordu quruculuğunda son fəaliyyətləri, Rusiya prezidenti ilə danışıqda kəskin mövqeyi, Türkiyəyə qardaş münasibəti xarici siyasət, dövlət quruculuğunda onun nüfuzunu daha da artırıb. Eyni zamanda, prezidentin həm mərkəzi həm də aşağı icra orqanlarında korrupsiyaya qarşı mübarizəsi, vəzifəli şəxslərin həbsi də onun nüfuzunun kəskin artmasına gətirib çıxarıb.
Sorğunun nəticələri göstərir ki, birinci vitse-prezident Mehriban Əliyevanın da nüfuzu artıb. Onun prezidentlə yanaşı qayğıkeş, təvazökar davranışları, həssas məqamlarda daim xalqın yanında olması, vətənpərvərlik nümunələri göstərməsi insanların onu özlərinə daha yaxın hiss etməsinə gətirib çıxarıb. Təsadüfi deyil ki, vətəndaşlar bu və ya digər məsələlərdə narazı qaldıqda yalnız prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirlər və onlara inanırlar”.

Komitə sədri sorğunu yüksək qiymətləndirdiyini qeyd edib: “Sosial Tədqiqatlar Mərkəzi sahib olduğu resurslar çərçivəsində layiqli şəkildə fəaliyyət göstərir. Mərkəzə işlərində uğurlar diləyirəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər