“Sülh sazişi mütləq olacaq” – Elmar Məmmədyarov DANIŞDI

383

“Soçidəki üçtərəfli görüşdə qəbul olunan bəyanat Azərbaycanın xeyrinədir”.

Bunu Modern.az-a eksklüziv açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Üçtərəfli danışıqların nəticəsinin bizim üçün faydalı olduğunu deyən keçmiş XİN başçısı Soçi görüşünü irəliyə doğru atılmış addım kimi qiymətləndirib:

“Cənab Prezident Putinlə görüşdə qeyd etdi ki, Qarabağ münaqişəsi öz həllini tapıb. Həqiqətən də, bəyanatı oxuduqda görürük ki, orada Qarabağ sözü işlədilməyib. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya, nəqliyyat dəhlizlərinin açılması da danışıqların mövzusu olub.

Ümumilikdə, hər görüş, o cümlədən, Soçi görüşü irəliyə atılmış addımdır. Çünki hər görüşdə kompromis əldə olunur ki, nəsə irəliləyiş olsun. Mən düşünürəm ki, Qarabağ Azərbaycanın suverenliyində olacaq. Sülh sazişi, delimitasiya və demarkasiya prosesi bir qədər zaman alacaq. Ancaq mütləq baş verəcək”.

Elmar Məmmədyarov Rusiya prezidenti Vladimir Putinin görüşdən sonra səsləndirdiyi fikirlərə də münasibət bildirib. Eks-nazir Putinin dediyi kimi, bəyanatdan bəzi məqamların çıxarılmasının normal proses olduğunu düşünür:

“Bu, təqdim edilən layihələrin effektivliyinə hesablanıb. Yəqin ki, görüşdə təqdim edilən layihənin hansısa maddələri Azərbaycan və Ermənistanın xoşuna gəlməyib. Həmin hissələr çıxarılıb. Ancaq konkret hansı maddələrin çıxarılmasından söhbət getdiyini cənab Putinin özü bilə bilər”.

Bundan əlavə, E.Məmmədyarov Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair “Vaşinqton variantı”na toxunub. Onun fikrincə, Putinin Valday klubunda dilə gətirdiyi “Vaşinqton variantı”nın hazırlanmasını dəqiqləşdirmək lazımdır:

“Bu məsələ barədə fikir bildirmək üçün belə bir mətnin Vaşinqtonda hazırlandığını dəqiqləşdirmək lazımdır. Bundan sonra danışmaq olar”.

E.Məmmədyarov Azərbaycan və Ermənistanın Alma-Ata bəyannaməsinə əsasən, bir-birilərinin ərazi bütövlüyünü tanımasına da aydınlıq gətirib:

“1991-ci il Alma-Ata bəyannaməsi MDB dövlətləri tərəfindən imzalanıb. Azərbaycan MDB-yə daxil olarkən SSRİ dövründə malik olduğu əraziləri öz dövlət sərhədi kimi qəbul etdi. Bunun əsasında Azərbaycan MDB-yə qəbul olundu”.

Keçmiş nazir sonda Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən əvvəl lentə alınmış fotoları ilə bağlı müzakirələrə münasibət bildirib:

“Çətir məsələsinə gəldikdə, bu protokol məsələsidir. Xüsusi şərhə ehtiyac yoxdur. Olan məsələdir”.

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər