Sumqayıt-Bakı ekspres avtobusları: “Ciddi uğur gətirməyəcək, çünki…” – Ekspert

1002
Yanvarın 21-dən etibarən Sumqayıt-Bakı ekspres avtobusları fəaliyyətə başlayıb. Ekspres marşrut xətti Bakı avtovağzalından Sumqayıt avtovağzalına və əks istiqamətdədir.​ Marşrut xəttinin dayanacaqları Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur. Gediş haqqı 80 qəpik təşkil edir.
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a bildirib ki, Sumqayıt-Bakı arasında yeni ekspres avtobus marşrutunun işə düşməsi irəliyə doğru ciddi addımdır. Lakin görüləcək işlər hələ çoxdur:
“Dəfələrlə vurğuladığımız kimi, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma ciddi uğurlar gətirməyəcək. Bu iki şəhərə vahid aqlomerasiya, vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə insan gündəlik olaraq bu iki şəhər arsında gedib-gəlir. Bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Bu, Sumqayıt yarandığı tarixdən belədir. Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Bunun imkanları araşdırılmaqla daha kiçik tutumlu avtobuslarala ekspres marşrutlar yaradılmalıdır. Bu iki şəhər arsında qatarla daşıma imkanları da ciddi yaxşılaşdırılmalıdır. Əks təqdirdə Sumqayıtla Bakı arsında fərdi avtomobil və taksilərlə səyahət sayını azaltmaq asan olmayacaq. Nəzərə alınmalıdır ki, müasir insan üçün təkcə gediş haqqı yox, həm də yola sərf edilən zaman çox vacibdir. Aqlomerasiya daxilində gündəlik səfərlər edən insanlar üçün vağzaldan-vağzala daşıma ciddi vaxt itkisidir. Heç də hər kəs bu itkiyə getmir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər