Türkiyəli məşqçılər “168 saat”a açıqlamasında nələr dedilər?
Topaz Premyer-Liqasının sona yaxınlaşması ilə cari mövsümdə arzulanan hədəflərə çatmayan komandalarda məşqçi dəyişiklikləri də gündəmə gəlməyə başlayıb. Cari çempinatın geridə qalan hissəsində beş elita təmsilçisində məşqçi dəyişikliyi baş verib, amma indinin özündə də bəzi klubların baş məşqçiləri ilə yollarını ayıracağını proqnozlaşdırmaq mümkündür. Belə ki, bir müddət öncə “Qəbələ” klubuna müvəqqəti baş məşqçi təyin olunan ispaniyalı Luis Araqonun, “Kəpəz”də etimadı doğrultmayan Mahmud Qurbanovun, eləcə də “Bakı”nı uçuruma aparan Bojidar Bandoviçin komandalarından ayrılmağın bir addımlığında olması sözügedən elita təmsilçilərində yaxın zamanda məşqçi dəyişikliyinin mümkünlüyündən xəbər verir. Amma deyəsən, istefası gündəmə gələn məşqçilər təkcə yuxarıda adını sadaladıqlarımız deyil. Hər halda, şəhərimizin elitadakı yeganə təmsilçisi “Sumqayıt”ın baş məşqçisi Bernhard Raabın da yeni mövsümdən komandada olmayacağı yönündə yayılan söyləntilər belə deməyə əsas verir. Mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq alman çalışdırıcının komandanı hədəflərinə çatdıra bilməməsi onunla yolların ayrılması ehtimalını artırır. Bu haqda rəsmi məlumat olmasa da, artıq məlum təyinatlarla bağlı adı hallanan bir sıra çalışdırıcılar var. Deməli, adlar ətrafında ehtimallara söykənib müəyyən mülahizələr aparmağa dəyər.
Son bir neçə gündə ölkənin idman mediasında adı “Sumqayıt”ın gələcək çalışdırıcısı kimi hallanan milli komandamızın, eləcə də Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı İqor Ponomaryovun şəhərimizin komandası ilə anlaşma ehtimalı yüksək qiymətləndirilir. Düzdür, ölkəmizdə işləməyin əleyhinə olmayan Seul olimpiadasının qalibi “Sumqayıt”dan heç bir təklif almadığını deməklə xəbəri təkzib etsə də, çalışdırıcının may ayıının sonlarında ölkəmizə səfəri zamanı komanda rəhbərliyi ilə sözügedən məsələni müzakirə edəcəyi dolaşan xəbərlər arasındadır. Xatırladaq ki, İqor Ponomoryov ölkə mətbuatına açıqlamasında cari ayın sonunda yenidən Azərbaycana gələcəyini bildirmişdi. Ola bilsin ki, komanda rəhbərliyi də Ponomaryovla məhz həmin vaxt anlaşmağı düşünür.
Sumqayıt futbol məktəbinin yetirməsi olan Nazim Süleymanovun da adı “Sumqayıt”la birgə anılır. Hələ komandanın elitaya yüksəldiyi dövrdə sözegedən komandada çalışması gündəmə gələn Süleymanovun adı indi də gündəmdən düşmür. Amma hazırda milli komandamızın baş məşqçisi Berti Foqtsun köməkçisi kimi çalışan mütəxəssisin indiki halda yığma karyerasının üstündən xətt çəkərək klub variantına qol qoyacağı inandırıcı görünmür.
Bundan başqa, son iş yeri Azərbaycanın U-19 yığması olan Vəli Qasımovun da Bernhard Raabın xələfi ola biləcəyi yönündə xəbərlər var. Hətta gəzən söyləntilərə inansaq, “Sumqayıt”ın rəhbərliyi Qasımovla Ümummilli lider Heydər Əliyevin 90 illik yubleyinə həsr olunmuş Azərbaycan və beynəlxalq veteran futbolçular arasında təşkil edilən yoldaşlıq matçından sonra bu məsələ ilə bağlı müzakirələr aparıb.
“Gənclik şəhəri”nin təmsilçisinin yeni mövsüm üçün anlaşmaqda maraqlı olduğu daha bir məşqçinin isə türkiyəli Cüneyt Biçər olduğu bildirilir. Müxtəlif vaxtlarda ölkəmizin “Bakı” və “Xəzər Lənkəran” kimi komandalrında çalışan və paytaxt klubu ilə ölkə kubokunu qazanan 38 yaşlı çalışdırıcının üç həftə öncə baş məşqçisi olduğu “Nazilli Bələdiyyəspor” komandasından ayrılması və azad agent statusu alması da bu keçidi asanlaşdıran məqamlardandır. Amma deyəsən, bu haqda yayılan xəbərlər heç də reallığı əks etdirmir. Belə ki, məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Cüneyt Biçər qəzetimizə eksklüziv açıqlamasında “Sumqayıt”dan ona rəsmi təklif gəlmədiyini bildirdi: “Düzü, adımın Azərbaycan klubu ilə anıldığından xəbərsizəm. Bu barədə mənə heç bir rəsmi təklif gəlməyib. Amma mümkün təklif məni qane etsə, yenidən Azərbaycanda çalışmağın əleyhinə olmazdım”.
Bernhard Raabın əvəzləyicisi kimi adı hallanan daha bir əcnəbi məşqçi isə “Qəbələ”nin sabiq çalışdırıcısı Fatih Kavlakdır. Gəzən şaiyələrə inansaq, komandanı ölkə futboluna bələd olan mütəxəssisə tapşırmağı düşünən klub rəhbərliyi transfer siyasına Kavlakı da əlavə edib. “Sumqayıt”dan təklif alıb almadığı məsələsinə münasibətini öyrəndiyimiz türkiyəli çalışdırıcı isə bunu nə təsdiq, nə də təqzib etdi. Qəzetimizə aşıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini bildirən 39 yaşlı məşqçinin belə mövqe sərgiləməsi gəzən söyləntilərin doğru olma ehtimalını artırır.
Xatırladaq ki, mövsümün sonunda “Sumqayıt”la müqaviləsi başa çatacaq Bernhard Raabın gələcək taleyinə gələn həftə aydınlıq gəlməsi gözlənilir.
P.S: Məsələ ilə bağlı “Sumqayıt” FK-nın da mövqeyini öyrəndik. Klubun mətbuat katibi Rəşad Məmmədov bildirdi ki, Bernhard Raabın gedib-qalma məsələsinə Topaz Premyer-Liqasının başa çatmasından sonra aydınlıq gələcək.
Tural Məmmədov, “168 saat” qəzeti