Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzi şəhər çimərliklərində çimməyi qadağan edib. Bu qərar dəniz suyunun növbəti laboratoriya analizindən sonra verilib. Lent.az-ın məlumatına görə,
mərkəzin direktoru Rafiq Abdullayev AzərTAc-a bildirib ki, laboratoriyanın əməkdaşları hər həftə sahil zonasının Corat və Zeynalabdin Tağıyev qəsəbələri arasında xüsusi sahələrində su nümunələri götürürlər.
Şəhərin kimya müəssisələri uzun müddət işləmədiyi üçün kimyəvi analizlərin nəticələri narahatlıq doğurmur. Lakin bakterioloji vəziyyətin monitorinqi qənaətbəxş deyil: “Sumqayıt əhalisi son illər xeyli artıb. Əvvəllər quraşdırılmış bütün kommunikasiya sistemləri və təmizləmə qurğuları 180 min əhali üçün nəzərdə tutulub və indiki həcmin öhdəsindən gəlmir. Sumqayıtda yerləşdirilmiş məcburi köçkünlər də nəzərə alınmaqla şəhər əhalisinin sayı 400 min nəfərədək artıb. Buna görə də şəhərin artıq köhnəlmiş yeganə təmizləmə qurğusu bir neçə məntəqədən Xəzərə axıdılan çirkli suların təmizlənməsinin öhdəsindən gəlmir”.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhərin 6-cı mikrorayonu ərazisində dəniz kənarında böyük və müasir təmizləmə qurğusu tikilir. Onun istifadəyə verilməsi ilə Xəzərə tökülən çirkli suların təmizlənməsi məsələsi həll olunacaq. Hələlik isə mərkəzin apardığı analizlərin nəticələrinə əsasən, bu sahələrdə dəniz suyu bir neçə göstəriciyə görə sağlamlıq üçün təhlükəlidir. Həmin səbəbdən şəhər çimərliklərində çimmək rəsmən qadağan edilib.