Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

364

Sumqayıt şəhər Corat qəsəbəsi daxilində yerləşən çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.

Aksiya Beynəlxalq Dəniz Günü ilə əlaqədar ölkəmizdə qeyd edilən “Xəzər həftəsi” çərçivəsində IDEA İctimai Birliyi və Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə təşkil olunub.

Trend xəbər verir ki, Bakı Dövlət Universitetinin 300-dən çox tələbə heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülərin də aktiv iştirak etdiyi aksiyada 3 hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib. Toplanan tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

Xatırladaq ki, Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.

“Xəzər həftəsi” çərçivəsində keçirilən təmizlik aksiyası dənizin ekoloji cəhətdən saflığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda, ictimaiyyətin maarifləndirilməsinə xidmət edir. IDEA İctimai Birliyi hər kəsi Xəzər dənizinin sahillərini çirklənmədən qorumağa və onun sərvətlərinin mühafizə olunmasında birlikdə olmağa çağırır. 211

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər