Pandemiya səbəbilə uzun ayrılıqdan sonra 16 oktyabr 2021-ci il tarixdə Sumqayıt Dövlət Dram Teatrı qapılarını tamaşaçıların üzünə açdı. Teatrın 53-cü mövsümünün açılışını Sumqayıt Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov və teatrın Baş rejissoru Firudin Məhərrəmov açaraq tamaşaçılara təkrar görüşdən mənunluqlarını ifadə etdilər.
Eyni zamanda karantin dövründə də teatrın heyətinin məhdud imkanlara baxmayaraq davamlı video roliklərlə çıxış etdiklərini, 44 günlük Vətən müharibəsi ilə bağlı video çarxlar hazırladıqlarını və bundan sonra da teatrın səhnəsində bu səpkidə tamaşaların qoyulacağı izləyicilərin nəzərinə çatdırıldı.
Yeni mövsüm gənc yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq” monotamaşasının primyerası ilə başladı. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov idi, yeganə obrazı aktrisa İlahə Səfərova oynayırdı. 17 Oktyabrda isə Yerli teatrda müəllifin “Pələng” tamaşasının primyerası oldu. Gənc rejissor Ümid Abbasın qurluşunda tamaşanı Kamran Muradlı oynayırdı. Tamaşaların quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur.
Xatırladaq ki, “Pələng” monopyesi öncə Moskvada, “Dramaturgiya kafedrası- XXI əsr” (“Кафедра драматургии – XXI век”) tərəfindən tamaşaya qoyulub, Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbəkir şəhərində keçirilən “II SoloFest – Keçmişdən bu günə hekayə ənənəsi” Beynəlxalq Teatr festivalında da ölkəmizi təmsil edib. Əsər “İlkin hadisə – XXI əsr” Beynəlxalq Müstəqil Müasir Dramaturgiya Müsabiqəsində “Yalnız artist” nominasiyasının geniş siyahısına daxil edilib. Hər iki tamaşa tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.