Sumqayıt Dövlət Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

283

Sumqayıt Dövlət Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

28 May – Müstəqillik Günü münasibətilə Sumqayıt Dövlət Universitetində “Azərbaycan dövlətçiliyi: müstəqillikdən Zəfərə” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli 28 May tarixinin Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın milli iradəsinin, azadlıq düşüncəsinin və müasir dövlətçilik ənənələrinin formalaşmasının mühüm mərhələsidir. Bildirilib ki, bu tarixi irs müasir Azərbaycanın siyasi, hüquqi və institusional inkişafının əsas dayaqlarından birini təşkil edir.

Çıxış zamanı vurğulanıb ki, müstəqil Azərbaycan dövlətinin davamlı inkişafı və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik strategiyasına əsaslanır. Bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyi qeyd olunub. Rektor Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi, milli maraqların qətiyyətlə müdafiə olunması və ölkəmizin beynəlxalq platformalarda layiqincə təmsil edilməsinin həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycanın istiqlal mübarizəsi və milli dövlətçiliyin təşəkkülü” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğu, qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri kimi tarixə düşdüyü vurğulanıb. Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin mühüm siyasi və ideoloji mərhələsini təşkil edir.
Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi-siyasi irsinə fundamental qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib və müasir Azərbaycan Respublikası həmin dövlətin siyasi varisi kimi inkişaf edir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

Seminarda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışaraq, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə dinamik inkişaf yolunu uğurla davam etdirir.
Daha sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Ulu Öndər Heydər Əliyev – müasir Azərbaycanın suveren inkişaf modelinin müəllifi”, Tarix və coğrafiya fakültəsinin tələbəsi Ellada Zərgərova isə “İlham Əliyev – xalqı müstəqillik və inkişaf yolunda irəli aparan lider” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda Azərbaycan dövlətçiliyinin tarixi inkişaf mərhələləri, milli suverenliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət, eləcə də ölkəmizin müasir dövrdə əldə etdiyi sosial-iqtisadi və siyasi nailiyyətlər geniş şəkildə təhlil olunub.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər