Sumqayıt Dövlət Universitetində akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş elmi-praktik seminar keçirilib

168

Sumqayıt Dövlət Universitetində akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş “Nurlu ömür səhifələri” adlı elmi-praktik seminar keçirilib

15 aprel tarixində Sumqayıt Dövlət Universitetində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş “Nurlu ömür səhifələri” adlı elmi-praktik seminar keçirilib.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ucaldılmış Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə, iştirakçılar Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirakçıları salamlayaraq seminarın əhəmiyyətindən bəhs edib. O bildirib ki, Zərifə Əliyeva Azərbaycan elminin, səhiyyəsinin və ümumilikdə cəmiyyətin inkişafında mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir və onun zəngin irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması mühüm vəzifədir.
Ə.Sadıqov çıxışında vurğulayıb ki, akademikin elmi fəaliyyəti ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri, humanist dəyərlərə sadiqliyi və cəmiyyətə xidmət prinsipləri gənc nəsil üçün nümunədir. O qeyd edib ki, belə şəxsiyyətlərin həyat yolunun təbliği yalnız elmi deyil, həm də tərbiyəvi baxımdan böyük əhəmiyyət daşıyır. Əminağa Sadıqov Zərifə Əliyevanın həm alim, həm ziyalı qadın, həm də böyük dövlət xadiminin həyat yoldaşı kimi məsuliyyətli və şərəfli ömür yolu keçdiyini diqqətə çatdırıb.
Çıxışında Ə.Sadıqov akademikin Azərbaycan xalqı qarşısındakı xidmətlərini xüsusi qeyd edərək bildirib ki, onun elmi irsi ilə yanaşı, ailə dəyərlərinə verdiyi töhfələr də yüksək qiymətləndirilməlidir. O, Zərifə Əliyevanın cəmiyyətə bəxş etdiyi dəyərlərdən söz açaraq, xüsusilə ana olaraq formalaşdırdığı mənəvi mühitin nəticəsində yetişən görkəmli şəxsiyyət və böyük sərkərdə İlham Əliyevin ölkənin taleyində mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda qeyd edib ki, belə nümunəvi həyat yolu Azərbaycan gəncliyi üçün həm vətənpərvərlik, həm də peşəkarlıq baxımından istiqamətverici rol oynayır.
Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova “Akademik Zərifə Əliyevanın oftalmologiya elminə fundamental töhfələri” mövzusunda geniş məruzə ilə çıxış edib. O, Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlardan, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi istiqamətində əldə etdiyi elmi nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, akademikin elmi yanaşmaları və praktik nəticələri yalnız Azərbaycan deyil, beynəlxalq oftalmologiya elmi üçün də mühüm əhəmiyyət kəsb edib. Onun tədqiqatları nəticəsində bir sıra peşə xəstəliklərinin diaqnostika və profilaktikası sahəsində mühüm irəliləyişlər əldə olunub, elmi məktəb formalaşıb və bu istiqamətdə yeni mütəxəssislər yetişib.
Seminarda daha sonra Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva və Tarix və coğrafiya fakültəsinin dekan müavini, baş müəllim Aysel Şamilova çıxış ediblər. Çıxışlarda Zərifə Əliyevanın ictimai fəaliyyətində humanizm prinsipləri, onun yüksək mənəvi keyfiyyətləri, cəmiyyətə xidmət fəlsəfəsi, eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi nümunəvi həyat yolu geniş şəkildə təhlil olunub. Bildirilib ki, akademikin zəngin irsi yalnız elmi sahə ilə məhdudlaşmır, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və inkişafında da mühüm rol oynayır.
Tədbir çərçivəsində səsləndirilən fikirlərdə vurğulanıb ki, Zərifə Əliyevanın çoxşaxəli fəaliyyəti, yüksək insani keyfiyyətləri və elmi irsi Azərbaycan cəmiyyətinin inkişafında mühüm yer tutur və bu irsin öyrənilməsi, təbliği gələcək nəsillərin formalaşmasında xüsusi əhəmiyyət daşıyır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər