Sumqayıt Dövlət Universitetində Heydər Əliyevin büstünün açılışı olub

777

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində (SDU) ulu öndərin büstünün açılışı olmuşdur. Mərasimdə iştirak edən respublikanın təhsil naziri Misir Mərdanov və Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ulu öndərin büstü önünə əklil qoymuşlar. Universitetin vestibülündə ümummilli liderin yorulmaz fəaliyyətini işıqlandıran fotostend təşkil edilmişdir.
Misir Mərdanov və Eldar Əzizov Azərbaycanın ən yeni tarixində ümummilli lider Heydər Əliyevin yüksək xidmətləri barədə söhbət açmış, ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində, təhsilin inkişafında və ölkəmizin kadr potensialının yaradılmasında onun rolunu vurğulamışlar.
Sonra qonaqlar universitetlə tanış olmuşlar. Onlar 480 yerlik akt salonuna və idman zalına baxmışlar. SDU-nun rektoru, professor Nadir Qəhrəmanov universitetdə yaradılmış müasir videokonfrans zalını qonaqlara göstərərək bildirmişdir ki, bu konfrans zalı 13 ölkənin ali məktəbləri ilə onlayn rejimdə əlaqə yaratmağa imkan verir. Daha sonra o bildirmişdir ki, Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində universitetdə 8 müasir tədris laboratoriyası yaradılmışdır. Qonaqlar həmin laboratoriyaların bəziləri ilə tanış olmuşlar.
Xatırladaq ki, şəhərdə yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti 1960-cı ildə Azərbaycan Sənaye İnstitutunun filialı kimi təsis edilmişdir. 1989-cu ildən müstəqil ali məktəb kimi fəaliyyət göstərən bu institut 2000-ci ildə dövlət başçısının Sərəncamı ilə yenidən təşkil edilərək Sumqayıt Dövlət Universiteti adlandırılmışdır. Hazırda universitetin yeddi fakültəsində 4 mindən çox tələbə təhsil alır. Burada 400-ə yaxın müəllim 21 ixtisas üzrə bakalavr və 42 ixtisas üzrə magistr kadrları hazırlayır. Universitetin professor-müəllim heyətinin üzvləri arasında AMEA-nın 5 müxbir üzvü, 40 elmlər doktoru və 140 dosent vardır. Son illərdə burada 10 beynəlxalq, 20 respublika və 40 universitet miqyaslı elmi konfrans keçirilmişdir. Radə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər