50 il Sumqayıt Elektrik Stansiyasında çalışmış Şahid Səlimov bu gün əmək fəaliyyətini başa vurub. Bu münasibətlə Sumqayıt Elektrik Stansiyasında tədbir təşkil olunub.
Şahid Hacıqulu oğlu Səlimov Kürdəmir rayonunda dünyaya göz açmış, boya-başa çatmış və orada orta təhsil almışdır. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə qəbul olmuş, 1971-ci ildə həmin İnstitutu bitirərək Sovet Ordusunda hərbi xidmətə yollanmışdır. 1973-cü ildə xidməti başa vurduqdan sonra taleyini Sumqayıt şəhəri ilə bağlamış, burada 1 saylı İstilik Eelektrik Mərkəzinin Qazan-Turbin sexində motorçu kimi əmək fəaliyyətinə başlamaqla şərəfli “energetiklər ordusu” sıralarına qoşulmuşdur. Əməyə vicdanlı münasibəti, işinə, peşəsinə vurğunluğu, zəhmətsevərliyi rəhbərlik tərəfindən daim qiymətləndirilmiş, müxtəlif vəzifələrə irəli çəkilmişdir. 1976-cı ildən Kimya sexində laborant, növbə rəisi kimi çalışmış, 1988-ci ildən isə daha məsuliyyətli vəzifədə – Kimya sexinin rəisi kimi əmək fəaliyyətini davam etdirmişdir.
25 il Kimya sexinin rəisi kimi vəzifə borcunun öhdəsindən layiqincə gəlmiş, tabeliyindəki işçilərin, xüsusilə gənc kadrların bacarıqlarının artırılması və texniki biliklərə yiyələnməsi üçün əlindən gələni əsirgəməmis, sexdə həmişə ciddi əmək intizamını təmin etmiş, yüksək texniki və istehsalat göstəricilərinə nail olmuşdur. Bu vəzifədə özünü bаcаrıqlı təşkilаtçı, sаvаdlı mütəхəssis kimi doğruldaraq stаnsiyа kоllеktivinin və rəhbərliyinin dərin hörmət və rəğbətini qаzаnmışdır. Energetika sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməyi Şahid Səlimovun şərəfli əməyinə verilən ən yüksək və layiqli qiymətdir.
Bu gün də kollektiv üçün Ş.Səlimov kimi bir mütəxəssis və təşkilatçıdan ayrılmaq çətindir. O, özü də böyük həyat eşqinə, gənclik ruhuna malik bir şəxsiyyətdir. Amma, yaş da öz işini görür. Həm də, 50 il energetika sahəsi kimi çox çətin, məsuliyyətli istehsalat sahəsində fasiləsiz çalışmaq asan deyil və hər oğulun da işi deyil!
Bu gün müəsisədə təşkil olunan yolasalma tədbirində direktor Elşən Xudaverdiyev də 30 ildən çox bir müddətdə Ş.Səlimovla birgə bu kollektivdə çalışdığını, onun həm mütəxəssis və təşkilatçılıq bacarığına yaxşı bələd olduğunu xüsusi vurğuladı. Tədbirdə iştirak edənlərin hamısı Şahid Səlimovun şəxsi keyfiyyətlərindən, işinə çox məsuliyyətli yanaşma tərzindən, səmimiyyətinə, dostluqda sədaqətliliyindən danışdılar. Onun qayğıkeş ailə başçısı olmasını, insanpərvərliyini, təvazökarlığını, tabeçiliyindəki işçilərin qayğıları ilə həmişə maraqlandığını, çox həssas və saf insan olmasını xüsusi qeyd etdilər.
Tədbirdə çıxış edənlər Ş.Səlimovla birgə işlədikləri dövrdə yaddaşlarında silinməz iz buraxan xoş xatirələrini bölüşdülər. Sonda stansiyanın direktoru E.Xudaverdiyev Şahid Səlimova şəhərimizin ilk sənaye müəssisəsində 50 illik fasiləsiz rəşadətli əməyinə görə təşəkkürünü bildirib, xoş arzularını çatdırdı.
Şahid Səlimova müəssisədən xatirə hədiyyələri təqdim olundu. Şahid Səlimov da öz növbəsində tədbirdə söylənilən xoş xatirələrə, ona ünvanlanan xoş sözlərə, xoş arzulara görə, diqqətə görə kollektivə və rəhbərliyə minnətdarlığını bildirdi.
Bir daha mən də hörmətli Şahid Səlimovu 50 il vətənə layiqli xidmət edərək haqq etdiyi istirahətə çıxması münasibəti ilə təbrik edir, ona can sağlığı və uzun ömür arzulayıram!
Müzakirə qapadılmışdır.