«Sumqayıt» futbol komandası səfərdən qələbə sevinci ilə qayıdıb

769

«Azərikimya» Istehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə futbol üzrə ölkə çempi­onatının başlanması ərəfəsində yaradılmış «Sumqayıt» futbol klubu öz uğurlu oyunları seriyasını davam etdirir. Birinci dövrəni 21 xalla başa vuran komandamız ikinci dövrədə təşəbbüsü ələ almış, daha çox rəqib meydançalarında qələbə qazanmaqla özünü perspektivli bir komanda kimi təsdiq etmişdir.

Son 6 oyunda cəmi bir dəfə məğlubiyyətin acısını dadan «Sumqayıt» aprelin 16-da Qazaxda yerli «Göyəzən» komandasını böyük hesabla məğlub edərək azarkeşlərinə qələbə sevinci yaşatmış və adını daşıdığı doğma şəhərə alnıaçıq, üzüağ qayıtmışdır.

Futbolçularımız böyük ustalıq nümayiş etdirərək rəqib qapısından 4 cavabsız top keçirmişlər. Birinci hissəni 1:0 hesabı ilə başa vuran komandamız, ikinci hissəni gərgin idman mübarizəsi şəraitində keçirmiş və bütün qüvvələrini səfərbər edərək rəqib qapısından daha üç cavabsız top keçirmişdir.

Komandanın baş məşqçisi Baba Əsgərovla söhbət zamanı məlum oldu ki,  qollardan birinə həvəskar komandanın heyətindən cəlb olunmuş 1994-cü il təvəllüdlü, gənc, amma sabahına böyük ümidlər bəslənilən Teymur Quliyev imza atmışdır. Bununla da «Sumqayıt» komandası 39 xalla turnir cədvəlinin 6-ci pilləsində öz yerini qoruyub saxlaya bilmişdir.

Adını daşıdığı şəhərin futbol şöhrətini yenidən özünə qay­tarmaq istəyilə yanaşı, qarşısına ölkə birinciliyini ilk üçlükdə başa vurmaq məqsədi qoyan «Sumqayıt» koman­dası növbəti oyununu aprelin 23-də doğma divarlar arasında «Şəmkir» komandası ilə keçirəcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər