Sumqayıt məktəbliləri “Ölkəmizi tanıyaq” aksiyasına qoşuldu – VİDEO + FOTOLAR

883

Sumqayıtın bir qrup məktəblisi respublikada həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulub. Şəhər ümumtəhsil məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup noyabrın 11-də Gəncə-Şəmkir-Göygöl şəhərləri marşrutu üzrə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzinə toplaşan məktəblilər əvvəlcə burada Ümummilli Liderin büstü önünə tər güllər düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərkəzin akt zalında aksiya iştirakçılarının yolasalma mərasimi təşkil edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Milli Məclisin deputatı Tahir Mirkişili, ikinci qrup Qarabağ müharibəsi əlili Sahib Şamilov, ağsaqqallar şurasının sədri Müzəffər Gülümov, valideyn Aytən Gəncəliyeva çıxış ediblər.
Qeyd edilib ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Bildirilib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədi gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
“İstedad” liseyinin X sinif şagirdi, aksiya iştirakçısı Nicat Alxanov böyük həvəslə səyahətə hazırlaşdığını, maraqlı təəssüratların astanasında olduğunu bildirib. O, belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə məktəblilər adından minnətdarlığını bildirib.
Qeyd edək ki, tur iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.
Ekskursiyaya yola düşən şagirdlərin əhval-ruhiyyəsi olduqca yüksək idi. Məktəbliləri 4 müəllim və bir həkim müşayiət edir. Xüsusi geyimdə olan tur iştirakçılarını aparan avtobus Gəncə istiqamətində yola düşüb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər