Sumqayıt müasirləşmə və inkişaf yolunda - TƏHLİL

827

Bu gün Azərbaycanın bütün bölgələri, şəhər və kəndləri, qəsəbələri kimi Sumqayıt şəhəri də yeni inkişaf dövrünü yaşayır. Burada aparılan abadlıq-quruculuq işləri şəhərin gözəlliyinə daha bir rəng də əlavə edib. Dövlətimiz tərəfindən inkişafa və quruculuğa verilən töhfələr Sumqayıtın inkişafında da müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin sosial-iqtisadi, o cümlədən, elminin, təhsilinin, mədəniyyətinin inkişafına Ulu Öndər Heydər Əliyev böyük töhfələr vermişdir. Ümummilli Liderin bu sənaye şəhərinə hər səfəri Sumqayıtın tarixində önəmli rol oynamışdır. Ulu Öndərin sovet hakimiyyəti illərində ölkəyə rəhbərlik etdiyi illərdə bu şəhərdə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Ötən əsrin 70-ci illərinin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatı ödəmək məqsədilə Zaqafqaziyada ilk dəfə olaraq Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı, “Superfosfat” zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə “Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı. Daha sonra Kompressorlar zavodu, Üst trikotaj və Xovlu İplik fabrikləri, Süd və Yeyinti məhsulları kombinatları istifadəyə verildi. Bir-birinin ardınca istifadəyə verilən müəssəsələr bu gənc şəhərin inkişafında mühüm rol oynadı.

Dövlət başçısının Sumqayıta hər səfəri şəhərin inkişaf və yüksəlişinə töhfə olur

Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır. Prezident İlham Əliyevin apardığı iqtisadi və sosial siyasəti nəticəsində həyata keçirilən dövlət proqramlarının uğurla icrası Sumqayıt şəhərinin də inkişafında mühüm rol oynadı. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür. Prezident İlham Əliyevin hər dəfə Sumqayıta səfəri şəhərin inkişaf və yüksəlişinə töhfəsini verir. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, Sumqayıt tarixən kimyaçılar şəhəri kimi salınmışdır, Sovet İttifaqının kimya sənayesinin mərkəzi olmuşdur: “Bu gün isə Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub ki, Sumqayıtda ən müasir sənaye müəssisələri yaradılmalıdır. Bu, bizim ümumi sənaye potensialımızı gücləndirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradacaq. Mən çox şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və icrada olan sahələr bu məqsədi təmin edib”.

Son illərdə gücü 525 MVt olan Elektrik stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki və s. müəssisələr yaradılmışdır. Bu siyahını görülən işlərin məntiqi olaraq artırmaq olar. Bu və ya digər müəssisələrin istifadəyə verilməsi şəhərin inkişafının göstəriciləridir.

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə səfəri yeni, mühüm hadisələrlə zəngindir. Belə ki, Enerjisistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının Cənab İlham Əliyevin iştirakı ilə açılışı oldu. Vurğulamaq yerinə düşər ki, dövlət başçısının tapşırığına əsasən, 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilmiş və proqram çərçivəsində 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib.

Müasir görkəmi ilə seçilən Sumqayıt şəhərinə dövlət başçısının səfəri çərçivəsində Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. Kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub. Öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir.

Sumqayıt müasirləşən və inkişaf edən şəhərə çevrilib

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə həyatının bütün sahələrinə olduğu kimi, təhsil sektoruna da göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə islahatlar daha da dərinləşib. Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı da böyük əhəmiyyət kəsb edir. Son 17 ildə 3200-dən çox məktəb inşa edilib, əsalı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib. Əlbəttə ki, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri davamlı xarakter alıb və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Ölkəmizin hər bir yerində müasir tipli təhsil müəssisələri şagirdlərin ixtiyarına verilir. Bu, Sumqayıt şəhərindən də yan keçməyib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub. Təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə də yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir. Əlbəttə ki, yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir.

Dövlət başçısının Sumqayıta səfəri zamanı Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin də təməli qoyulub. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq və mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacı ilə təmin ediləcəkdir. Əlbəttə ki, bu gün pandemiya dövründə yaşadığımız bir zamanda sosial layihələr uğurla icra olunur. Bu, dövlət başçısının sosial məsələlərinin həlli istiqamətində həyata keçirdiyi uğurlu siyasətin məntiqi davamıdır.Prezident İlham Əliyevin tapşırığı və qayğısı iləşəhərdə görülən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi sumqayıtda yeni ab-hava yaradıb. Son illərdə Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin yaradılması, mədəniyyət və elm müəssisələrini fəaliyyətə başlaması şəhərin uğurlu inkişafına yollar açıb və müasirləşən, inkişaf edən şəhərə çevirib.

Nəzakət ƏLƏDDİNQIZI

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər